AHİK-İN İKİNCİ MƏCLİSİNDƏ ƏMƏYİN MÜHAFİZƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
dekabrın 29-da keçirilmiş II məclisində “Müasir mərhələdə əməyin mühafizəsi problemlərinin həllində həmkarlar ittifaqlarının rolu” məsələsi müzakirə olunmuşdur.
Konfederasiyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, AHİK sədrinin müavini Cavanşir Alxasov mövzu ilə bağlı məruzə etmişdir. Natiq əməyin mühafizəsi sahəsində AHİK-in fəaliyyətinin əsas istiqamətlərindən, Beynəlxalq Əmək Təşkilatının konvensiya və tövsiyələri əsasında son beş ildə Milli Məclis tərəfindən əməyin mühafizəsi, işçilərin sağlamlığı və istehsalat təhlükəsizliyini əhatə edən qanun və Konstitusiya aktlarının qəbul edilməsindən danışmışdır. O qeyd etmişdir ki, 1998-2003-cü illərdə əmək mübahisələri, istirahət rejimi, sağlamlığın mühafizəsi, əmək şəraitinin qeyri-qənaətbəxş olması, güzəştlərin və kompensasiyaların verilməsi, qayda və normaların tətbiqi və digər məsələlərlə bağlı AHİK-ə daxil olan 6200-dən çox ərizə və şikayətə baxılmışdır. Əksər hallarda məsələlər şikayətçilərin xeyrinə həll olunmuş, bəzən isə məhkəmə orqanlarına müraciət edilmişdir. Natiq, həmçinin, AHİK-in II qurultayının qarşıya qoyduğu vəzifələrdən də danışmışdır.
Çıxış edənlər məruzədə toxunulan məsələlərlə bağlı AHİK–in əldə etdiyi uğur və nailiyyətləri qeyd etməklə yanaşı, əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyini bildirmişlər. Natiqlər Baş Sazişdə, sahə ittifaq sazişlərində və kollektiv müqavilələrdə əməyin mühafizəsi sahəsində tərəflərin götürdükləri öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar müsabiqə və semnarların keçirilməsinin vacibliyini qeyd etmişlər.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqlarının qarşısında duran vəzifələrdən danışmışdır.
Məclis Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyini AHİK-ə üzv qəbul etmiş və yeni seçilmiş məclis üzvlərinin səlahiyyətlərini təsdiqləmişdir.
Sonda AHİK-in II məclisinin iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir. Məclisin işində Prezidentin İcra Aparatının məsul işçisi Ərəstun Mehdiyev, Milli Məclisin komissiya sədri Hadı Rəcəbli, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının sədri Ələkbər Məmmədov, habelə nazirlik və idarələrin nümayəndələri iştirak etmişlər.