Aİ-nin müşahidə missiyasının regiondakı fəallığı mövcud vəziyyətin gərginləşdirilməsinə yönəlib - politoloq
Bakı, 15 avqust, AZƏRTAC
Son günlərdə Azərbaycan-Ermənistan şərti sərhədi boyunca Ermənistan tərəfindən növbəti dəfə hərbi avantüra məqsədli irimiqyaslı silah, hərbi texnika və şəxsi heyətin toplanması müşahidə edilməkdədir. Qeyri-qanuni erməni silahlılarının paralel şəkildə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində də mühəndis işlərinin görülməsi faktı aşkarlanıb.
Bütün bunlara əlavə olaraq Ermənistan və onun Qarabağdakı tör-töküntüləri tərəfindən ölkəmizə qarşı təxribatların və terrorçuluq fəaliyyətinin mütəmadi şəkildə davam etdiyini qeyd etsək, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının yayın oğlan çağında qış yuxusunda olduğunu fərz edə bilərik.
Əslində isə mənzərə tamamilə fərqlidir. Çünki Avropa İttifaqının müşahidə missiyası kifayət qədər fəallıq nümayiş etdirir, lakin bu fəallıq sülhün yaranmasına deyil, əksinə mövcud vəziyyətin daha da gərginləşdirilməsinə istiqamətlənib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov deyib.
S.Zahidovun sözlərinə görə, cari ilin fevral ayından etibarən Ermənistanda ikiillik mandatla fəaliyyət göstərən 100 nəfərdən ibarət Avropa İttifaqının monitorinq missiyasının əsas məqsədi sərhəddəki durumu müşahidə altında saxlamaq və Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq istiqamətində əlverişli mühit yaratmaq idi. Proseslərin sonrakı gedişatı missiyanın indiyədək öz funksiyalarının öhdəsindən gələ bilmədiyinin, əksinə, Ermənistanı “cəsarətləndirərək” Azərbaycanın “dəmir yumruq”la bitirdiyi münaqişəni yenidən alovlandırmağa cəhd etdiyinin şahidi oluruq. Bütün bunlar azmış kimi, avqustun 15-də Aİ-nın müşahidə missiyasının rəsmi bəyanatla Ermənistan tərəfindən şərti sərhəd boyu ərazilərə əlavə texnika və hərbi qüvvələrin cəmləşdirilməsi faktını təkzib etməsi bu missiyanın açıq-aşkar tərəf tutduğunu, öz mandatından kənara çıxaraq, regionda jandarmeriya funksiyasını yerinə yetirdiyini deməyə əsas verir.
“Missiya bu cür yarıtmaz fəaliyyəti ilə əslində, erməni revanşizminin siyasi alətinə çevrilməklə Azərbaycan-Ermənistan sülh prosesində Ermənistana boş ümidlər bəxş edərək prosesi dalana sürükləyir. Belə olduqda, monitorinq missiyasının əsl vəzifəsinin sülh və sabitliyə xidmət etməyən riyakar, məkrli maraqlar olduğu göz qabağındadır. Bəs bu maraqlar nədən ibarətdir?
İlk öncə, Ermənistanı müxtəlif postkolonial alətlər, o cümlədən monitorinq missiyası vasitəsilə öz təbəəsinə çevirmək. Amerikalı siyasi alim Con Rugginin təbirincə desək, sülhməramlı və müşahidə missiyaları müasir dünyaya xas olan çoxtərəfli imperializmin (multilateral imperializm) əsas tərkib hissəsidir. Yəni ki, 19-cu əsrdə Afrika talanında iştirak edən Qərb dövlətləri bu gün təşkilatlar vasitəsilə eyni məqsədlərə nail olmağa çalışırlar. Aİ-nın Ermənistandakı missiyası guya mülki olsa da əslində, özlərinin də qeyd etdiyi kimi, heyətin yalnız yarısı silahsız ekspertlərdən ibarətdir. Digər yarısının silahlı qüvvələr olması və gələcəkdə 100 nəfərlik həyətin daha da genişlənəcəyi ehtimalı Ermənistanı faktiki olaraq, Avropa İttifaqının Qafqazdakı plasdarmına çevirmiş olur”, - deyə politoloq diqqətə çatdırıb.
Onun sözlərinə görə, Avropa İttifaqı həm də Cənubi Qafqazda Rusiya ilə geosiyasi rəqabətdən qalib ayrılmaq marağındadır. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın regionda azalan nüfuzundan istifadə etməyə çalışan Aİ regionun enerji dəhlizi üzərində nəzarəti əldə etməklə Rusiya enerjisindən asılılığını azaltmaq yönündə addımlar atır. 19-cu əsrin sonlarında Rusiya ilə Qərb arasında Orta Asiyada baş verən “Böyük Oyun” bu gün Cənubi Qafqazı öz ağuşuna almaqdadır və əfsuslar olsun ki, bu oyun sülhün irəliləməsini yubadan amillərdəndir.
S.Zahidov vurğulayıb ki, Aİ-nin maraq dairəsindən biri də Azərbaycan və Türkiyənin regionda artan gücünə qarşı Ermənistanı dəstəkləməklə geosiyası tarazlığı təmin etməkdir. Aralıq dənizində nüfuz uğrunda Fransa-Türkiyə rəqabəti, bu gün Qafqazda da özünü göstərməkdədir və Türkiyə-Azərbaycan ittifaqı ilə Fransanın Cənubi Qafqaza daxil olmaq planları önündə böyük əngəl yarandığından Fransa Avropa İttifaqı çətiri altında öz imperialist məqsədlərini həyata keçirməyə çalışır.
“Nəticə olaraq, Avropa İttifaqının müşahidə missiyasının sülhün carçısından çox, münaqişənin və imperialist maraqların daşıyıcısı olduğunu vurğulaya bilərik. Bununla belə, bütün bu məkrli planların Qafqazda puç olacağını da qeyd etmək yerinə düşər. Artıq dünya əvvəlki dünya deyil və hər kəs bu dövlətlərin imperialist keçmişinə və niyyətlərinə bələddir. Bu baxımdan Azərbaycan və Türkiyə ittifaqı dünən olduğu kimi, bu gün də, sabah da regionda baş tutan istənilən oyunu pozmağa qadirdir. Necə ki, 30 ilə yaxın Ermənistan-Azərbaycan münaqişəsi və onun ətrafında baş verən kirli oyunlar 44 günlük müharibə ilə pozulmuş oldu, sülh prosesi ətrafındakı oyunlar da gücü, haqqı və ədaləti təmsil edən Azərbaycan-Türkiyə birliyi tərəfindən pozulacaq”, - deyən Sultan Zahidov fikirlərini yekunlaşdırıb.