Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi altı aylıq hesabatını açıqlayıb
Bakı, 19 iyul, AZƏRTAC
İyulun 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) 2023-cü ilin 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, qarşıdan gələn 22 İyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edən AQUPDK-nın sədri rəhbərlik etdiyi dövlət komitəsinin fəaliyyətində mətbuatla işin əsas prioritet istiqamət olduğunu vurğulayıb.
O, cari ilin ölkəmiz üçün çox əhəmiyyətli bir dövr olduğuna diqqət çəkərək, Prezident İlham Əliyevin altı ayın yekunlarına dair nəticələr və qarşıya qoyulan vəzifələrdən söz açıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası, o cümlədən sosial islahatların davam etdirilməsinin bu ilin altı ayı üçün vacib istiqamətlər olduğunu diqqətə çatdırıb. Bildirib ki, komitə də öz növbəsində öhdəsinə düşən vəzifələri icra etməyə çalışır.
Ailə, qadın və uşaq məsələləri istiqamətində normativ-hüquqi bazanın gücləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə komitə tərəfindən 6 sənəd layihəsinin hazırlandığı, 5 sənəd layihəsinə rəy və təklifin verildiyi diqqətə çatdırılıb. Ötən altı ay ərzində 6 müxtəlif mövzuda araşdırma və təhlilin yekunlaşdığını qeyd edən B.Muradova bildirib ki, hesabatlar qohum evlilikləri üzrə vəziyyətin öyrənilməsi, erkən uşaqlıq dövründə xidmətlərin əlçatanlığı və təminatı, uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, miqyası, nəticələri və qarşısının alınması, təhsil müəssisələrində rəhbər vəzifələrdə gender bərabərsizliyi, erkən nikah halları, medianın intiharlara təsiri kimi mövzuları əhatə edib.
Ailə məsələləri istiqamətində 8523 nəfərin iştirakı ilə 40 təlim, seminar və icma görüşünün keçirildiyini və 6 layihənin icra edildiyini diqqətə çatdıran B.Muradova, Türkiyə ilə Azərbaycan arasında imzalanmış Fəaliyyət Planına uyğun olaraq, qardaş ölkədən dəvət olunmuş hekayəçilərin iştirakı ilə 5000-ə yaxın valideyn və uşaq auditoriyasını əhatə edən nağıl günləri təşkil edildiyini bildirib.
Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində 1056 nəfərin iştirakı ilə 9 təlim və seminarın, 3 konfransın keçirildiyini diqqətə çatdıran komitə sədri 17 rayonda yaradılan Qadın Resurs mərkəzlərinin fəaliyyətinə də toxunaraq, 4970 nəfərin bu mərkəzlərin xidmətlərindən bəhrələndiyini də qeyd edib. O, uşaq hüquqlarının qorunması, uşaq iştirakçılığının artırılması, cəmiyyətdə baş verən mənfi hallardan onların müdafiəsi, erkən nikah və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması və digər istiqamətlər üzrə görülən işlərdən danışaraq, cari ilin 6 ayı ərzində ümumilikdə 6 layihənin, 1868 nəfərin iştirakı ilə 29 təlim, seminar və konfransın təşkil olunduğunu bildirib.
Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyətindən 20 min 515 nəfərin yararlandığını vurğulayan B.Muradova qeyd edib ki, 1570 nəfərdən 1608 müraciət daxil olub və onlardan 646-sı təmin edilib, digərləri isə aidiyyəti üzrə yönləndirilib. Həmçinin 2023-cü ilin birinci yarımili ərzində erkən nikah hadisəsi ilə bağlı 20 fakt üzrə monitorinq-ailə səfərlərinin təşkil edildiyi, 17 erkən nikah halının qarşısının alındığı da diqqətə çatdırılıb.
Azərbaycan Hökumətinin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyası”nın icrasına dair altıncı dövri hesabatının, eləcə də “Uşaq hüquqları haqqında Konvensiyası”nın icrasına dair beşinci və altıncı birgə dövri məruzəsinin təqdim edildiyini qeyd edən komitə sədri hər iki məruzədən sonra yekun müşahidələr və tövsiyələrin qəbul edildiyini vurğulayıb.
Tədbirin sonunda Bahar Muradova erkən nikah və məişət zorakılığı halları, mühafizə orderlərinin verilməsi, işğaldan azad olunmuş ərazilərə köçürülmüş əhali qrupu, eləcə də müharibə və postmüharibə dövründə qazi və şəhid ailələri ilə bağlı mövzularda jurnalistlərin suallarını cavablandırıb.