Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Qaxda vətəndaşlarla görüşüb
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qax rayonunda vətəndaşlarla görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Qax rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qax rayonunun Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Qax, Zaqatala, Balakən rayonundan və Şəki şəhərindən olan sakinlər iştirak ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmələri rəhbərlərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Mövzular əsasən uşaqların himayəyə verilməsi, müalicəsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerində həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı müraciətlər qeydə alınaraq icraata götürülüb.
Qeyd edək ki, psixoloji dəstəyin göstərilməsi ilə bağlı müraciət edən şəxslər Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloji xidmətinə cəlb olunacaq.
Görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.