Akademik: Süni intellekt texnologiyalarının elmi-nəzəri problemləri Azərbaycan elminin əsas prioritetlərindəndir
Bakı, 9 avqust, AZƏRTAC
Bu gün həm Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrdə, həm Azərbaycan Milli Elmlər Akademiyasında süni intellekt texnologiyalarına xüsusi diqqət ayrılır. Artıq süni intellekt texnologiyalarının elmi-nəzəri problemləri Azərbaycan elminin əsas prioritetlərindən biri kimi qəbul olunur, həmçinin bu sahədə magistrlar, fəlsəfə və elmlər doktorları hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev məlumat verib.
Akademik qeyd edib ki, son illərdə alimlərimiz tərəfindən qeyri-səlis məntiq və idarəetmə, süni neyron şəbəkələri, müxtəlif təyinatlı intellektual sistemlər, ekspert sistemləri kimi süni intellektlə əlaqəli mövzular geniş tədqiq olunub və bir sıra müvafiq praktiki innovativ həllər təklif edilib. Azərbaycan alimləri beynəlxalq elmi əlaqələrini günü-gündən genişləndirir, müxtəlif ölkələrin nüfuzlu elm və təhsil mərkəzləri ilə sıx əməkdaşlıq həyata keçirirlər. Onların süni intellektin elmi-nəzəri əsaslarının inkişafı, eyni zamanda, müxtəlif sahələrdə tətbiqi ilə bağlı çox sayda məqalələri beynəlxalq səviyyəli nüfuzlu elmi jurnallarda dərc olunur. Bu nailiyyətlər dünyanın müvafiq sahə üzrə nüfuzlu reytinq siyahılarında da özünü göstərir.
R.Əliquliyev əlavə edib ki, hazırda inkişaf etmiş dünya dövlətlərində olduğu kimi, ölkəmizdə də yeni texnoloji reallıqlar yaranır. Bütün bunlar cəmiyyətimizin inkişafı, ölkənin iqtisadi və hərbi potensialının artırılması və təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Ona görə də Azərbaycan alimləri fundamental elmi-nəzəri istiqamətdə fəaliyyəti gücləndirməklə milli problemlərin həllinə də dəstək verirlər. Bu istiqamətdə aparılan araşdırmaların nəticəsi kimi, artıq ölkəmizdə rəqabətədavamlı, yüksək intellektual xüsusiyyətlərə və imkanlara malik, müxtəlif təyinatlı smart (“ağıllı”) qurğular və sistemlər işlənir.
“Bu gün ölkəmizdə süni intellekt texnologiyalarının təsiri ilə istehsal, təhlükəsizlik, nəqliyyat, ticarət, ictimai iaşə və digər sahələrdə onlayn xidmətlərdən geniş istifadə rəqəmsal platformada əmək bazarının yeni seqmentini formalaşdırır. Artıq iş yerləri virtuallaşır, müxtəlif sahələrdə onlayn fəaliyyət göstərmək imkanları artır. Ölkənin ali təhsil sistemində də süni intellekt sahəsində kadr hazırlığına xüsusi diqqət yetirilir, yeni ixtisaslar açılır. Əminliklə demək olar ki, süni intellekt texnologiyaları, kompüter elmləri, onunla əlaqəli olan proqram mühəndisliyi, kompüter mühəndisliyi və digər İKT profilli ixtisaslar ölkəmizdə sürətlə populyarlaşır”, -deyə alim bildirib.