AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA PARK İSMAYILLILILARIN SEVİMLİ İSTİRAHƏT MƏKANLARINDAN BİRİDİR
İsmayıllı, 29 oktyabr (AZƏRTAC). Oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllıda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına parkla tanış olmuşlar.
Məlumat verildi ki, Heydər Əliyev prospektində yerləşən və 1,6 hektar sahəni əhatə edən parkda inşaat işləri yüksək səviyyədə həyata keçirilmişdir. Müasir tələblərə uyğun qurulan və İsmayıllının görkəminə xüsusi yaraşıq verən Zərifə Əliyeva adına parkda sakinlərin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.
İstirahət məkanında milli üslubla müasirlik uzlaşdırılmışdır. Parkın girişində xüsusi kompozit materiallardan istifadə edilməklə hündürlüyü 12 metr, eni 31 metr olan portal inşa olunmuşdur. Portalın üstündə “Zərifə Əliyeva adına park” sözləri yazılmışdır.
Mərmər üzlüklü fəvvarənin, çarhovuzun inşa edildiyi parkın ərazisində kafe və uşaq meydançası fəaliyyət göstərir.
Əraziyə üzlük daşlar döşənmiş, istirahət ocağında geniş yaşıllaşdırma işləri aparılmışdır. Parkın mənzərəsi yaddaqalan və ifadəli elementlərdən ibarətdir. Uzunluğu 1,4 kilometr, eni 20 metr olan kanal çay daşı ilə doldurulmuşdur. Kanalın 980 metri qala divarı kimi hörülmüşdür.
Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi.
Parkla üzbəüz milli üslubda Qala divarları inşa olunmuşdur. Qala divarlarının qarşısında 2 min kvadratmetr sahədə yaşıllıq salınmış, 8 min kvadratmetr sahəyə isə müxtəlif növ daşlar döşənmişdir.
Sonra dövlətimizin başçısı və xanımı Qala divarının önündə el sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxdılar. Burada papaqçıların, sərracların, misgərlərin, nalbəndlərin əl işləri nümayiş olunur, qızlar xalça toxuyur, XVIII əsrə aid sac üzərində yuxa bişirilirdi.
Prezident İlham Əliyev aşıqların, Lahıc və Molla İsaqlı, İvanovka kəndlərinin folklor qruplarının Azərbaycan, rus və alban dillərində çıxışlarını və rəqslərini izlədi. Folklor qrupları Azərbaycana, Vətənə, dövlətimizin başçısına aid mahnılar oxudular.
Prezident İlham Əliyev el sənətkarları ilə söhbət etdi. Lahıc kəndindən olan misgərlər dövlətimizin başçısına durna çırağı hədiyyə etdilər.
Dövlətimizin başçısı rayon ağsaqqalları ilə söhbət etdi. Yaşlı nəslin nümayəndələri qeyd etdilər ki, tolerantlıq Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı bir sərvətdir. Tarix boyu Azərbaycanda bütün xalqlar mehriban şəraitdə yaşayıblar. Ölkəmizdə heç vaxt milli, dini zəmində ayrı-seçkilik olmamışdır. Azərbaycandakı tolerantlıq bütün dünyaya nümunədir.
Milli azlıqların nümayəndələri bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Talıstan kənd orta məktəbinin şagirdləri “Cavanşir” tamaşasından bir parça nümayiş etdirdilər. Sumağallı kənd orta məktəbinin ləzgi folklor qrupu, uşaq incəsənət məktəbinin şagirdləri də məharətlərini göstərdilər.
Prezident İlham Əliyev İsmayıllı rayonunda da bütün xalqların adət-ənənələrinə bu cür həssaslıqla yanaşmanın dövlət siyasətinin prioritet istiqaməti olduğunu və bu siyasətin davam etdiriləcəyini bildirdi.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |








