Almaniyada cinayətkar klanlarla mübarizə gücləndirilir
Berlin, 10 iyul, AZƏRTAC
Almaniyanın Rur əyaləti və Bremen şəhəri ilə yanaşı, paytaxt Berlin də cinayətkar klanların fəaliyyəti baxımından mürəkkəb yer sayılır.
AZƏRTAC xəbər verir ki, Almaniyanın federal hökuməti Berlin meriyasına cinayətkarlıqla mübarizəni gücləndirmək məqsədilə hüquq-mühafizə orqanlarında əməkdaşların sayını artırmağı tapşırıb. Bu mübarizənin səmərəsini artırmaq üçün paytaxtın məhkəmə sisteminə yeni vakansiyalar təsis edilməsi tövsiyə olunub. Bundestaq 2024/2025-ci illər üçün büdcədə bu məsələlərə əlavə vəsait ayırıb. Almaniyanın Ədliyyə Nazirliyi bu yaxınlarda bəyan edib ki, maliyyə vəsaiti yalnız mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində fəaliyyət göstərəcək 20 əlavə prokurora ayrılacaq. Onların vəzifəsi cinayətkarların qanunsuz yollarla əldə etdikləri aktivlərin müsadirə olunmasıdır.
İndiyədək Berlin ilkin araşdırma prosesində mənzillər, avtomobillər və qiymətli əşyalar kimi əmlakların üzərinə həbs qoyulması və “dondurulması” əməliyyatlarının yetərincə olmaması səbəbindən milyonlarla avro itirib. Hazırda prokurorluq orqanları ilkin təhqiqat zamanı bu əmlakların yoxa çıxmasının qarşısını almaq məqsədilə daha çox pul vəsaiti və aktivlərin üzərinə həbs qoymaq niyyətindədir. Belə olan hallarda, əldə olunan gəlir Berlin şəhərinin büdcəsinə köçürülür.
Yeni vakansiyaları doldurmaq heç də asan deyil. Cinayət işlərinin mürəkkəb olduğu və onlarda saxta şirkətlər və ya kriptovalyutaların dövr etdiyini nəzərə alaraq, təcrübəli hüquqşünaslar yeni yaradılan vəzifələri dərhal tutmalı, gənc kadrlar isə xidmət üzrə irəliləməlidirlər. Ötən il Berlin şəhərinin hüquq-mühafizə orqanları 2544 hal üzrə cinayət yolu ilə əldə edildiyi şübhəli bilinən aktivlərin üzərinə həbs qoyub və ya müsadirə ediblər. Ümumi məbləğ isə 63 milyon avroya yaxın olub. Ən böyük qalmaqal isə 2018-ci ildə bir cinayətkar klana məxsus olan 77 daşınmaz əmlak obyektinin üzərinə həbs qoyulması olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin