DÜNYA
Almaniyada uşaqlar və hamilə qadınlar olan avtomobillərdə siqaret çəkmək qadağan edilə bilər
Bakı, 8 iyul, AZƏRTAC
Almaniyanın Səhiyyə Nazirliyi avtomobillərdə uşaqlar olan zaman siqaret çəkməyi qadağan etmək niyyətindədir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi avtomobillərdə uşaqlar və ya hamilə qadınlar olan zaman siqaret çəkməyi qadağan etmək istəyir. Artıq uzun müddət federal torpaqlar tərəfindən tələb olunan qadağa siqaret çəkməyənlərin müdafiəsi haqqında Federal qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində nəzərdə tutulub. Səhiyyə naziri Karl Lauterbax (ASDP) tərəfindən irəli sürülən layihə Nazirlər Kabinetinə təqdim olunmazdan əvvəl hələ digər nazirliklərlə razılaşdırılmalıdır.
Müvafiq olaraq, misal üçün, ictimai nəqliyyatda artıq qüvvədə olan siqaret çəkməyə qadağa gələcəkdə, həmçinin “qapalı nəqliyyat vasitələrində həddi-buluğa çatmayanlar və ya hamilə qadınların olması təqdirində” də tətbiq olunacaq. 2019-cu ildən bir neçə federal torpaq artıq təşəbbüslərlə çıxış edib və qadağanın pozulduğu halda 3 min avroya qədər məbləğdə cərimə tətbiq ediblər.
Aşağı Saksoniya hökuməti Almaniya Xərçəngi Araşdırma Mərkəzinin məlumatına istinad edərək bildirib ki, avtomobillərdə tütünün konsentrasiyası “nisbətən tüstü ilə dolu pab ilə müqayisədə beş dəfə artıq” ola bilər. Uşaqlar və yeniyetmələr üçün bu ağciyərlərin zəhərlənməsi, eləcə də respirator xəstəlikləri və orta qulağın infeksiyaları üçün səbəb ola bilər. Lauterbax siqaret çəkməyə qadağanı, həmçinin bununla bağlı qanunla nəzərdə tutulan yerlərdə elektron siqaretlərə və kannabis məhsullarına da şamil etmək niyyətindədir.