SİYASƏT
Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi NDR televiziya şirkətinə etiraz məktubu göndərmişdir
Berlin, 11 noyabr (AZƏRTAC). Oktyabrın 23-də Almaniyanın NDR telekanalının ZAPP redaksiyası Azərbaycan haqqında “Ştefan Aust: Azərbaycan təbliğatı?” adlı tənqidi veriliş yayımlamışdır. Verilişdə alman jurnalisti Stefan Aust Azərbaycanla bağlı təbliğat aparmaqda günahlandırılmışdır. Verilişdə söhbət həmin jurnalistin Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadiyyatına həsr olunmuş “Odlar yurduna səyahət - əsrarəngiz Azərbaycan” sənədli filmindən danışılmış və bu film tənqid edilmişdir.
Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi (AAKM) bu faktla əlaqədar NDR telekanalının ZAPP redaksiyasına məktub göndərmiş və Azərbaycanla bağlı qeyri-obyektiv münasibətə etirazını bildirmişdir. Məktubda qeyd edilmişdir ki, alman ictimaiyyətinin geniş kütlələrinə tanış olmayan zəngin və müstəqil bir ölkənin təqdimatının “təbliğat” kimi qələmə verilməsi Almaniyada yaşayan Azərbaycan diasporunun narazılığına səbəb olmuşdur. Hər bir azərbaycanlı öz ölkəsi, onun tarixi və mədəniyyəti üçün qürur hissi duyur. Göstərilən sənədli filmin əsas məqsədi də Azərbaycan haqqında alman ictimaiyyətinə obyektiv məlumat vermək idi. Müstəqillik yolu ilə irəliləyən Azərbaycan geniş quruculuq dövrünü yaşayır, qısa müddətdə böyük nailiyyətlər qazanmışdır. Bəs Almaniyada bəzi qüvvələrin Azərbaycanın uğurlarını gözü götürməməsinin səbəbi nədir?! Biz bunun dəfələrlə şahidi olmuşuq. Məsələn, Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi zamanı alman mediasında Azərbaycana qarşı səviyyəsiz tənqid basqıları və məhz alman mediası tərəfindən Azərbaycana nifrət təbliğatı aparılmışdır.
Daha bir təəccüblü fakt budur ki, “Ştefan Aust: Azərbaycan üçün təbliğat?” verilişindən sonra fikir mübadiləsi üçün studiyaya Azərbaycana qarşı həmişə tənqidi mövqedən çıxış edən jurnalistlər dəvət edilmişdir. Məgər üç belə jurnalistin iştirakı ilə təşkil olunmuş fikir mübadiləsi özü qeyri-demokratik bir hərəkət deyilmi?! Məgər bu plüralizm ideyalarına zidd deyilmi?! Bu bir daha sübut edir ki, aparılan veriliş bir məqsədə qulluq edirdi - mövzu ətrafında obyektiv müzakirələrdən qaçaraq Azərbaycanı bir daha mənfi şəkildə işıqlandırmaq. Elə bunun özü də özünəməxsus təbliğat alətindən istifadədir.
Məktubun sonunda qeyd olunmuşdur ki, AAKM Azərbaycan icması adından tələb edir ki, ZAPP kimi, guya ki, “heç bir faktı gözündən qaçırmayan” redaksiya “gözünü açsın”, “obyektivlik hissi”ni itirməsin, belə bir “hissi” öz üslubuna aşılasın. AAKM-in daha bir gözləntisi isə ZAPP redaksiyasının verilişə görə izahat verməsi haqqında tələbdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin