ALMANİYALI QONAQLARLA NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Baş nazirin müavini qonaqları səmimi salamlayaraq Azərbaycanla Almaniya arasında siyasi və iqtisadi əlaqələrin genişləndiyini qeyd etmişdir. O bu işdə Azərbaycan-Almaniya parlamentlərarası əməkdaşlıq qrupunun və Bundestaqın Almaniya-Qafqaz parlament qrupunun rolunu xüsusi vurğulamışdır.
Əli Həsənov Azərbaycanın ən ağrılı probleminə - qaçqınların və məcburi köçkünlərin güzəranına maraq göstərdikləri üçün nümayəndə heyətinin üzvlərinə minnətdarlığını bildirmiş, bu sahədə Almaniyanı təmsil edən müxtəlif təşkilatların gördüyü işləri sadalamış, AFR-in ölkəmizdəki səfiri Klaus Qrevlixin rolunu xüsusi qeyd etmişdir.
Baş nazirin müavini müvafiq xəritədən istifadə etməklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzərində daha geniş dayanmış, XX əsrdə azərbaycanlıların məruz qaldığı dörd deportasiya aktını xatırlatmış, son münaqişənin səbəbləri, onun həlli sahəsində Azərbaycan rəhbərliyinin yeritdiyi siyasət, Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi, problemə beynəlxalq ictimaiyyətin münasibəti, işğal olunmuş torpaqlarda tarix və mədəniyyət abidələrimizin dağıdılması, bu torpaqların qeyd-şərtsiz azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələri, öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq soydaşımızın vəziyyəti haqqında ətraflı məlumat vermişdir.
Nümayəndə heyətinin rəhbəri Kristof Berqner səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür etmişdir. O bildirmişdir ki, biz münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan rəhbərliyinin səylərini alqışlayırıq. Biz hökumətlərarası əlaqələrin inkişafına, problemin həllinə imkanımız daxilində kömək etməyə hazırıq.
Əli Həsənov nümayəndə heyətinin üzvlərini maraqlandıran sullara cavab vermişdir.
Almaniyalı qonaqlar həmin gün Nərimanov rayonunda tikintisi yarımçıq qalmış doğum evində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşlər.