Altmış beş yaşından yuxarı qubadlıların sağlamlığı diqqət mərkəzindədir
Sumqayıt, 26 mart, Ətrabə Rzayeva, AZERTAC
Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq 65 yaşdan yuxarı insanların küçəyə çıxmasına qadağa qoyulub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Qubadlı Rayon İcra Hakimiyyətində bu yaş kateqoriyasından olan məcburi köçkünlər üçün yarana biləcək sosial problemlərin həlli istiqamətində geniş miqyaslı qabaqlayıcı tədbirlər həyata keçirilir.
Belə ki, vətəndaşların şəxsi gigiyena qaydalarına əməl etmələri, təmas imkanlarını minimuma endirmələri barədə fərdi qaydada maarifləndirmə işləri də aparılır. Həmçinin 65 yaşdan yuxarı tənha yaşayan 300 nəfər Qubadlı rayon sakini gündəlik vacib olan əsas tələbat malları ilə təmin edilib.
Rayon sakinlərinin, xüsusilə yaşı 65-dən yuxarı olan insanların təhlükəsizliyini təmin etmək və gigiyenik qaydalara əməl olunması məqsədilə qeyd olunan tədbir və maarifləndirmə, eyni zamanda, sanitar-dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcəkdir.