AMEA: 13 elmi jurnal “Scopus” bazasına aid nəşrlərin reytinq cədvəlində yer alıb
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycanda nəşr olunan elmi jurnalların sayı 360-dan yuxarı olsa da, onlardan yalnız 13-ü ötən il “Scopus” bazasında indeksləşən elmi jurnalların reytinq cədvəlində (SJR -Scimago Journal Rank) yer alıb. 2022-ci ildə dünyada nəşr olunan 100 000-dən artıq elmi jurnaldan 27955-i SJR reytinq cədvəlinə daxil edilib ki, onların da 177-si gözləmə (sınaq) qrupuna aiddir.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Bazada indeksləşən jurnallar SJR impakt-faktorunun qiymətinə əsasən reytinq sırasına düzülür. Belə ki, reytinq cədvəlində 1-ci yeri tutan “Ca:A Cancer Journal Clinicians” jurnalının SJR impakt-faktoru 86,091 (kvartıl Q1), 27778-ci yerdə qərarlaşan “Zivot Umcetnosti” jurnalnın SJR impakt-faktoru isə 0,1-ə bərabərdir. Elmi jurnalı qiymətləndirmək üçün əsas elmmetrik göstərici sayılan impakt faktor müxtəlif üsullarla hesablana bilər. Onlardan ikisinin üstündə dayanmaq məqsədəuyğun olardı: “Web of Science” bazası üçün “Journal Ctation Reports” (JCR) və “Scopus” bazası üçün “SCİmago Journal Rank” (SJR). JCR metodikasında iki göstərici əsas götürülür: əvvəlki iki ildə çap olunan məqalələrə istinadların sayının həmin dövrdəki məqalələrin sayına nisbəti. SJR metodikası daha mürəkkəb və mükəmməl olmaqla əvvəlki üç ilin orta istinadları və məqalələri ilə yanaşı, istinad edən nəşriyyatın nüfuzu, tədqiqat sahəsi, istinadların müəyyən normalara uyğun əsaslandırılması kimi parametrləri də nəzərə alır.
Qeyd edək ki, Azərbaycanda nəşr olunan 13 jurnaldan 5-i riyaziyyat, 4-ü kimya, qalan 4-ü isə Yer elmləri, tibb, farmakologiya və humanitar sahələrə aiddir. 13 jurnaldan 6-sı, o cümlədən, 3-ü riyaziyyat, 2-i kimya və 1-i Yer elmləri sahəsinə aid olmaqla AMEA-dan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən Riyaziyyat və Mexanika, Kataliz və Qeyri-üzvi Kimya, Geologiya və Geofizika institutlarında, 3-ü Bakı Dövlət Universitetində (onlardan 2-si “Jomard” nəşriyyatında), 2-si Azərbaycan Tibb Universitetində, 1-i SOCAR Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda, 1-i isə “Jomard” nəşriyyatında incəsənət və humanitar sahədə müstəqil jurnal kimi çap olunur.
“Scimago” mərkəzinin fəaliyyəti geniş, çoxşaxəli və həcmcə çox böyük olduğundan 2022-ci ilin yekunları haqqında hesabat 2023-cü ilin aprel-may aylarında dərc edilib.