AMEA-nın Şəki Regional Elmi Mərkəzində Ümummilli Liderin xatirəsi anılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin Şəki Şəhər İcra Hakimiyyətinin qarşısındakı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü həyatını fədakarcasına millətinə həsr etmiş müdrik siyasətçi Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, gənclərimizdə milli ruhun gücləndirilməsi işində ulu öndərin həyat və fəaliyyətinin daim örnək olduğunu diqqətə çatdırıb.
Digər çıxış edənlər bildiriblər ki, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edib, insanların maddi rifah halı xeyli yaxşılaşıb, ölkədə aparılan quruculuq-abadlıq işləri geniş vüsət alıb.
Vurğulanıb ki, bu gün Ümummilli Liderin uzaqgörən, düzgün iqtisadi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə dahi şəxsiyyət Heydər Əliyevə həsr olunan film nümayiş etdirilib.