AMEA rəhbəri: Birinci Türkoloji Qurultayla bağlı 10-a yaxın kitabın nəşri nəzərdə tutulur
Bakı, 5 noyabr, AZƏRTAC
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin (UNASTW) Baş Assambleyasının VIII iclasında “XXI əsrin türkoloji çağırışları və Türkoloji Qurultaya hazırlıq” mövzusunda məruzə ilə çıxış edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik İsa Həbibbəyli çıxışında Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar AMEA tərəfindən silsilə tədbirlərə başlanıldığını bildirib. O qeyd edib ki, Birinci Türkoloji Qurultayda əsası qoyulan bir çox ideyalar bu gün yeni tarixi şəraitdə ardıcıl şəkildə həyata keçirilir. Türk dövlətləri arasında qardaşlıq və müttəfiqlik ruhunda formalaşan münasibətlər, eləcə də mədəni əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan addımlar davamlı və sistemli xarakter alıb.
“Dilçiliyin bütün sahələri üzrə mütəxəssis hazırlığının gücləndirilməsi, tədqiqat istiqamətlərinin genişləndirilməsi və elmi fəaliyyətin XXI əsrin çağırışlarına uyğunlaşdırılması türkologiya elminin qarşısında duran əsas vəzifələrdəndir”, - deyən akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın Şərqşünaslıq və Dilçilik institutlarında uzun illərdir Türkologiya şöbəsi fəaliyyət göstərir. Yeni dövrün çağırışlarına əsasən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi, Memarlıq və İncəsənət İnstitutunda Türk sənət tarixi və mədəni irsi şöbələri yaradılıb. Həmçinin Tarix İnstitutunda Türk xalqlarının etnoqrafiyası şöbəsinin adı dəyişdirilərək Türk xalqlarının tarixi və etnologiyası şöbəsi adlandırılıb. Bu istiqamətdə işlər digər institutlarda da davam etdirilir.
Alim Azərbaycanda Birinci Türkoloji Qurultayla bağlı nəşr olunacaq kitablar barədə də məlumat verib. Vurğulayıb ki, akademik Nizami Cəfərovun “Birinci Türkoloji Qurultayın dərsləri” adlı tədqiqat əsəri AMEA tərəfindən çap olunacaq, həmçinin Qurultayın rus dilində olan stenoqramı tərcümə edilərək ictimaiyyətə təqdim olunacaq. O, eyni zamanda, Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin ilk dəfə arxivdən Qurultayın məxfi sənədlərini aşkar etdiyini və tədqiqatlarını nəşrə hazırladığını söyləyib.
AMEA rəhbəri Birinci Türkoloji Qurultayla bağlı cəmiyyətin daha ətraflı məlumatlandırılması məqsədilə tanıtma kitabının yazılmasının və Qurultayın arxiv fotolarından ibarət albomun hazırlanmasının zəruriliyini qeyd edib. Akademik İsa Həbibbəyli AMEA-da Birinci Türkoloji Qurultayla bağlı müxtəlif dillərdə 10-a yaxın kitabın nəşr olunacağını vurğulayıb.