RƏSMİ XRONİKA
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB BARAK OBAMAYA
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarını dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli iş birliyimiz, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrə ölkənizin dəstəyi məmnunluq doğurur.
Biz həmçinin xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik.
Əminəm ki, dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişafı, tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə, cənab Prezident, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 iyun 2009-cu il.