Amerikalı ekspert Gənclər üçün Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakı, 1 mart, AZƏRTAC
UNICEF-in dəvəti ilə Azərbaycana səfərə gələn ABŞ-dan olan kommunikasiya üzrə müstəqil ekspert Barbara Franklin Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Aran regional ofisinin fəaliyyəti ilə maraqlanıb.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, Mərkəzin Aran regional ofisinin rəhbəri Yusif Poladov qonağa Şirvan Gənclər evində həyata keçirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində psixoloji, hüquqi, pedaqoji, sosial xidmət fəaliyyətləri barədə məlumat verib. Mərkəzin regionda həyata keçirdiyi layihələr və 2019-cu il üçün nəzərdə tutulan tədbirlər barədə məlumatlar da qonağın diqqətinə çatdırılıb. Amerikalı mütəxəssisə, həmçinin Mərkəzə daxil olan müraciətlər və keyslər barədə də geniş məlumat verilib.
Ekspert Barbara Franklin ölkəmizə “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində kommunikasiya strategiyası və fəaliyyət planını hazırlamaq məqsədilə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi tərəfindən dəvət olunub.