“Ana dili – Azərbaycan məktəbi” layihəsinin təqdimatı
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 14-də Uşaq-Gənclər İnkişaf Mərkəzində ölkəmizdə səfərdə olan diaspor nümayəndələrinin iştirakı ilə “Ana dili - Azərbaycan məktəbi” layihəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, 20-dən çox ölkəni təmsil edən diaspor təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbir “Ana dili - Azərbaycan məktəbi”nin xaricdə yaşayan həmvətənlərimiz arasında təbliğinə həsr olunub.
Gənc Müəllimlər Assosiasiyasının təşəbbüsü ilə reallaşan “Ana dili - Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan, müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edən layihədir.
Tədbirdə çıxış edən layihə rəhbəri Rüfət Əsədzadə bildirib ki, məqsəd dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın ən dəyərli mənəvi sərvətimiz olan ana dilimizi öyrənməsini təmin etməkdir. İştirakçılar ana dilində yazmağı, oxumağı, danışmağı öyrənməklə yanaşı, ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında da məlumat əldə edə biləcəklər.
Sonra layihənin ekspert qrupunun üzvü, ADA Universiteti və ADA Məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi filologiya üzrə fəlsəfə doktoru, müəllim heyətinin rəhbəri İlahə Hacıyeva layihənin ana dilimizin qorunması və nəsildən-nəslə ötürülməsi istiqamətində müstəsna rol oynadığını bildirib. Qeyd edib ki, layihədə iştirak edən müəllimlər Azərbaycan dili ilə yanaşı müxtəlif xarici dilləri də yüksək səviyyədə bilirlər. Beləliklə, müxtəlif dillərdə danışan soydaşlarımıza ana dilini ən yüksək səviyyədə tədris edə biləcəklər.
Tədbirdə Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli çıxış edərək, layihənin müqəddəs bir amala xidmət etdiyini bildirib. O, xalqımızın milli sərvəti olan Azərbaycan dilinin saflığını qorumağın və ondan düzgün istifadə etməyin hər bir azərbaycanlının mənəvi borcu olduğunu diqqətə çatdırıb. Eyni zamanda, layihənin Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuz qazanmasında, Vətəndən uzaqda böyüyən soydaşlarımızın milli kimliyinin qorunmasında böyük rol oynayacağına inandığını bildirib.
Daha sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli çıxış edərək, layihənin xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərimizə daha yaxından bələd olmasında böyük rol oynadığını vurğulayıb.
Qeyd edək ki, layihədə iştirak ödənişsizdir. İştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonalarına uyğun qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər. Dərslər 6-18 yaş arasındakı şəxslər üçün nəzərdə tutulur. Dərslər təcrübəli mütəxəssislər tərəfindən interaktiv təlim metodu əsasında həftədə 2-3 dəfə “Microsoft Teams” platforması vasitəsilə onlayn qaydada təşkil ediləcək. Proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilini bilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat veriləcək.
2023-2024-cü tədris ilini əhatə edəcək proqram çərçivəsində virtual dərslərə bu il sentyabrın 15-dən başlanılacaq.
İyulun 7-dən etibarən başlayan qeydiyyat prosesi avqustun 12-dək http://anadili.agma.az/ platforması vasitəsilə aparılacaq.