ANAMA: Göygöldə bir ədəd əl qumbarası zərərsizləşdirilib
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da saat 19:08-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonu, Üçtəpə kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dana AZƏRTAC-a bildirilib ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazisinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.