Ankarada Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşü keçiriləcək
Bakı, 2 may, AZƏRTAC
Mayın 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin paytaxtı Ankara şəhərinə yola düşəcək.
Səfər çərçivəsində mayın 4-də nazir Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşü keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi üç ölkənin dövlət başçılarının təşəbbüslərini əsas tutaraq hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi, o cümlədən bölgədə sabitliyin və təhlükəsizliyin, enerji daşıyıcıları, dəmir yolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Silahlı Qüvvələrin qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi və bu vəzifələrin həyata keçirilməsi üçün praktiki icra mexanizmlərinin təsbit edilməsidir.
Üç ölkənin Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşünün yekunlarına dair protokolun imzalanması nəzərdə tutulub.