ANKARADA DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, toplantı iştirakçıları əbədi liderimiz Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Dünya Azərbaycanlılarına müraciətinin mətni oxunmuşdur. Türkiyə Azərbaycan əlaqələrindən, bu əlaqələrin bugünkü səviyyəyə çatmasında böyük xidməti olan Heydər Əliyevin misilsiz əməyindən söhbət açan, ölkəmizin Ankaradakı səfiri Məmməd Əliyev, Heydər Əliyevin Azərbaycanda sevildiyi kimi Türkiyədə də türk insanının qəlbində xüsusi yeri olduğunu vurğulamışdır. Azərbaycan Respublkasının Prezidenti İlham Əliyev cənablarının bu müdrik siyasi kursun ən layiqli davamçısı olduğunu bildirən səfir, Azərbaycan xalqının nicatının bu siyasi kursda olduğunu qeyd etmişdir.
Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Türkiyəyə müxtəlif illərdə həyata keçirdiyi səfərləri zamanı Türkiyədəki Azərbaycan Diasporunun nümayəndələri ilə keçirdiyi görüşlərə toxunaraq, dahi rəhbərin xaricdə yaşayan azərbaycanlıların güclənməsinə, onların təşkilatlanmasına xüsusi diqqət verdiyini dilə gətirmişlər.