Ankarada Türk Dünyası Mediatorlar Birliyinin Beynəlxalq Şurasının birinci iclası keçiriləcək
Ankara, 27 avqust, AZƏRTAC
Türk Dünyası Mediatorlar Birliyinin (TDAB) Beynəlxalq Şurasının ilk iclasının noyabrın 28-dən dekabrın 1-dək Ankarada keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Birliyin sədri Yakup Erikel jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, tədbirdə 11 ölkədən 100-dək mediator, hüquqşünas, ombudsman və vəkilin iştirakı nəzərdə tutulur.
“Digərləri ilə yanaşı, biz Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinin məhkəmə orqanlarının nümayəndələrini və insan haqları üzrə müvəkkillərini Ankaraya dəvət etmişik”, - deyən TDAB rəhbəri tədbirin açılışında Türkiyənin ədliyyə naziri və Ali Məhkəməsinin sədrinin çıxışlarının gözlənildiyini bildirib.
O qeyd edib ki, TDAB-ın son məqsədi dünyanın istənilən yerində yaşayan türklərə hüquqi xidmət göstərməkdir.
Y.Erikel xatırladıb ki, 2024-cü il TDAB tərəfindən təşkilat üzvləri arasında “əlaqələrin qurulması dövrü” elan edilib.
Qeyd edək ki, Türk Dünyası Mediatorlar Birliyi bu il yanvarın 5-də yaradılıb. May ayında Türkiyənin paytaxtında Azərbaycan Diasporuna Dəstək Fondu ilə Türk Dünyası Mediatorlar Birliyi arasında əməkdaşlıq protokolu imzalanıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara