Aqrar Universitetdə növbəti onlayn konfrans keçirilib
Gəncə, 22 iyun, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Azərbaycan - Türkiyə dostluğu: Şuşa Bəyannaməsi Zəfər tariximizin siyasi zirvəsidir” adlı onlayn ümumrespublika konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov konfransı açaraq tarixən dostluq, qardaşlıq münasibətləri ilə dünya ölkələri üçün nümunə olan Azərbaycan-Türkiyə münasibətlərinin bu gün də öz ənənəsinə sadiq olduğunu deyib. Rektor xüsusi vurğulayıb ki, müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyması deməkdir.
Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk çıxış edərək Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq münasibətlərindən söz açıb. Bildirib ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. O, Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman ölkəmizin yanında olduğunu söyləyib.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri Firdovsiyyə Əhmədova, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, deputat Naqif Həmzəyev, Türkiyə-Azərbaycan Dərnəklər Dostluğu Federasiyasının Dil Tarixi bölməsinin rəhbəri Seyfettin Ayakyay, ADAU-nun “İctimai elmlər və multikulturalizm kafedrası”nın müdiri Azad Bayramov və AMEA-nın “Çöl tədqiqatları” şöbəsinin müdiri Təvəkkül Əliyev Şuşa Bəyannaməsinin tarixi, siyasi, iqtisadi və mədəni əhəmiyyəti haqqında danışıblar. Qeyd ediblər ki, Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyətə malikdir.