Araz Əsgərli: Mopedlərin qeydiyyatı və idarə edənlərin sürücülük hüququnun olması təhlükəsizliyə xidmət edir
Bakı, 12 avqust, AZƏRTAC
“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 2023-cü il avqustun 1-dən mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, yaxud maksimal hərəkət sürəti saatda 50 kilometrdən artıq olan mopedlərin qeydiyyata alınması, habelə onların idarə edilməsi üçün sürücülük vəsiqəsi tələb olunur.
AZƏRTAC xəbər verir ki, bu haqda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli məlumat verib. Bildirib ki, mopedlərin qeydiyyatı və onları idarə edənlərin sürücülük hüququnun olması məhz yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə xidmət edir. Belə ki, həmin nəqliyyat vasitələrinin iştirakı ilə yol hərəkəti qaydalarının kütləvi şəkildə pozulması - faktiki olaraq həm onları idarə edən, həm də digər şəxslərin həyat və sağlamlığı üçün böyük təhlükə mənbəyinə çevrilmiş, eləcə də xəsarət, ölüm, maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin dinamikasında ciddi artıma səbəb olmuşdu.
Eyni zamanda, moped sürücülərinin təkcə bu ilin əvvəlindən törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan pozuntularla əlaqədar vətəndaşlardan daxil olan 3 mindən artıq şikayətin hər birində hərəkət iştirakçıları polisdən bu sahədə təsirli tədbirlərin görülməsini tələb edirdi.
Mopedlərin alqı-satqısı və qeydiyyat məsələləri ilə bağlı isə Araz Əsgərli qeyd edib ki, alqı-satqı müqaviləsi əsasında mopedlər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsində rəsmiləşdirilir. Əgər moped hissə-hissə ödəmə (kredit) ilə alınıbsa, qeydiyyat məsələsi satışı həyata keçirən şirkətin nümayəndəsinin iştirakı ilə həll edilir. Heç bir sənədi olmayan moped sahibləri isə həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququnu yalnız məhkəmə qərarı əsasında rəsmiləşdirə bilərlər. Zəruri halda polis əməkdaşları öz səlahiyyətləri daxilində moped sürücülərinə bütün lazımi köməklikləri də göstərirlər.