ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN 10 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ KONFRANS ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Əvvəlcə ümummilli liderimiz, Prezident Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, institutun direktoru, MEA-nın müxbir üzvü Arif Abbasov tədbiri açaraq bu elm müəssisəsinin 10 illik fəaliyyəti barədə geniş məlumat vermiş, onun yaranmasında Prezident Heydər Əliyevin müstəsna rolunu xüsusi vurğulamışdır.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Azərbaycan elminin inkişafında, onun dünya elminə inteqrasiya olunmasında xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır. Eyni zamanda, konfransın işinə uğurlar arzulamışdır.
Sonra akademik Teymur Bünyadovun “Etnoqrafiya elminin inkişafı”, MEA-nın müxbir üzvü Vəli Əliyevin “Naxçıvanda arxeoloji qazıntılar”, tarix elmləri doktoru Əsədulla Cəfərovun “Azıx mağarası: yeni fikirlər, mülahizələr” mövzularında məruzələri dinlənilmişdir.
Məruzəçilər və çıxış edənlər arxeologiya və etnoqrafiya elmi sahəsində respublikamızda, o cümlədən Naxçıvan MR-də aparılan geniş tədqiqat işlərindən bəhs etmiş, qazanılan nailiyyətləri əsaslı faktlarla diqqətə çatdırmış, tariximizin daha da dərindən öyrənilməsinin vacibliyini və əhəmiyyətini vurğulamışlar.
Sonra konfrans ayrı-ayrı bölmə iclaslarında öz işini davam etdirmişdir.