AŞAĞI AĞCAKƏND QƏSƏBƏSİNİN SAKİNLƏRİ HEYDƏR ƏLİYEVİN ADINI ƏBƏDİLƏŞDİRMƏK İSTƏYİRLƏR
Prezident Heydər Əliyevin keçən ilin sentyabrında Goranboy rayonunda Aşağı Ağcakənd qəsəbəsinin açılışında iştirak etməsi didərgin düşmüş soydaşlarımızda böyük ruh yüksəkliyi və inam yaratmışdı. Lakin onun vəfatı burada məskunlaşmış 1800 nəfərə yaxın sakini hədsiz kədərləndirmişdir. Onlar hər gün qəsəbənin baş meydanına yığışır, matəm saxlayır, xalqımızın xilaskar oğlunun vəfatından sonsuz kədər hissləri keçirirlər. Sakinlər bu günlər matəm mitinqinə toplaşaraq yaşadıqları qəsəbənin ümummilli liderimiz Heydər Əliyevin adı ilə adlandırmaq barədə müraciət qəbul etmişlər. Müraciətdə deyilir: “Azərbaycan xalqı ən kədərli günlərini yaşayır. Prezident Heydər Əliyev bizim arxamız, ümidimiz idi. Biz ona inanırdıq. İnanırdıq ki, o bizi doğma yurd-yuvamıza qaytaracaqdır. Keçən il qəsəbəmizin açılışında iştirak edərkən Prezidentimiz bizə ürək-dirək verərək səbirli olmağı məsləhət görmüşdü. Onun məsləhətləri bizə çəkdiyimiz ağrı-acıları unutdururdu.
Kədərli günlər yaşasaq da ruhdan düşməmişik. İnanırıq ki, xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyevin ideyalarını həyata keçirəcəkdir”.
Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə bütün mənalı həyatını doğma xalqına sədaqətlə xidmət işinə həsr etmiş, əsl ümumxalq məhəbbəti və sevgisi qazanmış əfsanəvi şəxsiyyət olan Heydər Əliyevin adını Aşağı Ağcakəndə verməklə onun unudulmaz xatirəsini əbədiləşdirmək xahiş olunur.