Asiya İnfrastruktur İnvestisiya Bankı Omana 60 milyon dollar kredit ayırıb
Pekin, 27 mart, AZƏRTAC
Azərbaycanın da təsisçi - üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Omana 60 milyon ABŞ dolları kredit ayırıb.
Bankın Pekindəki mənzil-qərargahından AZƏRTAC-a bildirilib ki, kredit Omanın bərpaolunan enerji potensialının gücləndirilməsi layihəsinə yönəldiləcək. Layihə ölkənin elektrik enerjisi istehsalında fosil yanacaqdan (neft, qaz) asılılığının azaldılması məqsədilə İbri şəhərində 500 meqavat gücündə fotovoltaik sistemin quraşdırılmasını əhatə edir. Layihənin ümumi dəyəri 400 milyon dollardır.
Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. AİİB fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, 65 layihəyə, ümumilikdə, 13 milyard dollara yaxın kredit ayırıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin