Astana Şəhərsalma Mərkəzinin rəhbəri: WUF13-ün Bakıda keçirilməsi xüsusilə rəmzi xarakter daşıyır
Astana, 15 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF-13) müasir şəhərlərin inkişafı sahəsində təcrübə və bilik mübadiləsi üçün əsas beynəlxalq platformadır.
Bu barədə AZƏRTAC-a Astana Şəhərsalma Mərkəzinin direktoru Yelnar Bazıken bildirib.
“Qazaxıstan üçün belə bir forumda iştirak etmək böyük şərəf və region ölkələri arasında peşəkar və mehriban qonşuluq əməkdaşlığını gücləndirmək üçün gözəl bir fürsətdir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, WUF13-ün məhz Bakıda keçirilməsi xüsusilə simvolikdir.
“Bu gün Azərbaycan paytaxtı şəhər mühitinin təsiredici inkişaf templərini, abadlığa, memarlığa, ictimai məkanlara və infrastruktura yüksəkkeyfiyyətli yanaşmaları nümayiş etdirir. Detallara diqqət yetirilməsi, sakinlər üçün rahat şəraitin yaradılması və şəhərin müasir inkişafı öz kimliyi ilə birləşdirməsi həqiqətən təqdirəlayiqdir”, - deyə ekspert vurğulayıb.
Y.Bazıkenin fikrincə, bu cür beynəlxalq forumlar həm qlobal şəhər problemlərini müzakirə etməyə imkan verir, həm də açıq dialoq, ən yaxşı təcrübələrin mübadiləsi və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi üçün platforma formalaşdırır.
“Astana da öz növbəsində şəhərsalma, yaşıllaşdırma, ictimai məkanlar, şəhər mobilliyi və davamlı inkişaf sahələrində müasir yanaşmaları fəal şəkildə inkişaf etdirir. Şəhərin genişmiqyaslı yaşıllaşdırılmasına və sakinlər üçün rahat mühitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə bizi Bakı ilə oxşar yanaşmalar və dəyərlər - davamlı inkişaf, təmiz ətraf mühit və şəhər həyatının keyfiyyətinin yüksəlməsi istəyi birləşdirir”, - deyə Astana Şəhərsalma Mərkəzinin direktoru əlavə edib.