DÜNYA
Astanada qazax milli oyunu üzrə şəhər yarışları keçirilir
Astana, 30 avqust, AZƏRTAC
Astanada V Ümumdünya Köçəri Oyunları çərçivəsində Qazaxıstanın Konstitusiya Gününə həsr olunmuş gənclər və böyüklər arasında “asık atu” milli idman növündə Kubok uğrunda açıq şəhər turniri keçirilir.
AZƏRTAC şəhər administrasiyasına istinadla xəbər verir ki, kişilər və qadınlar arasında “asık atu” (Qazax milli oyunu) yarışında Pavlodar və Akmola vilayətləri, Astananın beş rayonu, Kokşetau və digər şəhərlərdən olan 16 komanda mübarizə aparır.
Astananın bu milli oyun üzrə baş məşqçisi Eskendir Raxmetovun sözlərinə görə, qazax xalqının bir çox milli oyunları təbiətlə sıx təmasla bağlıdır.
“Asık atu”nu milli oyunlar arasında ən qədim idman növü adlandırmaq olar. Üstəlik, kiçik yaşlarından asık oynamaq uşağın əsəb sistemini gücləndirir, ona dəqiqlik, çeviklik, təmkinlilik aşılayır”, - deyə o qeyd edib.
Kubok uğrunda turnirdə 18 yaşdan yuxarı 60-a yaxın idmançı, o cümlədən idman ustaları iştirak edirlər.
Xatırladaq ki, V Ümumdünya Köçəri Oyunları sentyabrın 8-13-də Astanada 89 ölkədən 2500-dən çox nümayəndənin iştirakı ilə keçiriləcək. Onlar 21 idman növü üzrə 97 dəst medal uğrunda yarışacaqlar.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana