Avrasiya Dağ Kurortları Festivalının xizəkçilik trekinin açılışı olub
Şahdağ, 4 mart, Mikayıl Məmmədov, AZƏRTAC
Avrasiya Dağ Turizmi Forumu ərəfəsində Avrasiya Dağ Kurortları Festivalının xizəkçilik trekinin açılışı olub. Tədbir Avrasiya Dağ Kurortları Alyansının və səhmdar cəmiyyətinin təşkilatçılığı ilə “Avrasiyada dağ turizminin perspektivləri və imkanları” mövzusunda təşkil edilib.
AZƏRTAC xəbər verir ki, açılış nitqi ilə çıxış edən “Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Rüstəm Nəcəfov bu tədbirin əhəmiyyətini qeyd edib: “Bu günün gəlib çatmasına şadıq. Tədbirin uğurla keçəcəyinə əminəm. Hazırlanmış treklər iştirakçılara öz bacarıqlarını nümayiş etdirməyə imkan verəcək, yarışlar isə canlı emosiyalar və unudulmaz təəssüratlar gətirəcək”.
Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanda qış turizminin inkişafının vacibliyini vurğulayıb: “Azərbaycana xoş gəlmisiniz! Biz qış idman növlərini və istirahəti sevirik. Bu gün dost ölkələrdən gələn qonaqların bu ab-havanı bizimlə bölüşməsindən məmnunuq. Qarşıda çox maraqlı hadisələr var, hər kəsə uğurlar arzulayıram”.
Açılış mərasimini davam etdirən “Roza Xutor” istirahət mərkəzi baş direktorunun müavini Sergey Xvorostyanıy səmimi qəbula görə təşəkkürünü bildirib: “Qonaqpərvər Azərbaycan torpağında, gözəl Şahdağ dağ kompleksində olmağıma şadam. Bu əlamətdar hadisə münasibətilə hər kəsi təbrik edirəm və sizə gözəl vaxt keçirməyi arzulayıram”.
“Roza Xutor” kurortunun nümayəndəsi rəsmi olaraq festivalın estafetini sayca ikinci qış turizm festivalının yeni məkanına çevriləcək Şahdağ turizm kompleksinə təhvil verib.
Mərasim Alyansa üzv ölkələrdən olan xizək təlimçilərinin milli musiqilərinin sədaları altında parad ilə davam edib.