“Avrasiyada biomüxtəliflik - SEAB 2023” VI beynəlxalq simpoziumuna hazırlıq məsələləri müzakirə olunub
Bakı, 4 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, institutun baş direktoru vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda şöbə və laboratoriyalarında yerinə yetirilən elmi-tədqiqat işləri müzakirə olunub.
İclasda 8 laboratoriya və 7 şöbənin rəhbərləri laboratoriyaların elmi-pedaqoji fəaliyyəti, monitorinqlər və mövcud problemlərdən söz açıblar. İclasın gündəliyində olan əsas məsələlərdən biri də “Avrasiyada biomüxtəliflik - SEAB 2023” VI beynəlxalq simpoziumunun keçirilməsi ilə bağlı görülən işlərin müzakirəsi olub. Simpoziumun yüksək səviyyədə keçirilməsi üçün lazımi tədbirlərin görüldüyü diqqətə çatdırılıb.
Qeyd edək ki, sentyabrın 6-8-də Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Avrasiyada biomüxtəliflik - SEAB 2023” VI beynəlxalq simpoziumun Azərbaycanda Dendrologiya İnstitutunda keçirilməsi nəzərdə tutulub. Simpozium Avropa və Asiya qitələrinin əsas bitki örtüyü və heyvanlar aləmi olmaqla, çox sayda elmi araşdırmalar üzrə “Ətraf mühitin çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri”, “İqlim dəyişkənliyinin növlərin yayılması, arealı və miqdarına təsiri”, “Bitkilərin in vitro, in situ, ex situ şəraitində biomüxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin saxlanılmasının normativ-hüquqi bazası”, “Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri” və “Biomüxtəlifliyin saxlanılma problemləri” və s. bölmələri üzrə təşkil olunacaq.