AVROPA BİRLİYİNİN CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ OMBUDSMANLA GÖRÜŞMÜŞDÜR
Ombdusman Aparatından AZƏRTAC-a bildirmişlər ki, ombudsman qonaqlara ölkəmizdə insan hüquq və azadlıqlarının həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat vermiş, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Avropaya inteqrasiya yolunu seçdiyini, bu günədək 200-dən artıq beynəlxalq konvensiyaya, o cümlədən Avropa Şurasının 30-dan artıq sənədinə qoşulduğunu, İnsan Hüquqları üzrə səlahiyyətli Müvəkkil (Ombudsman) haqqında Qanunun qəbul edildiyini diqqətə çatdırmışdır. O, Novruz bayramı ərəfəsində ölkə Prezidentinin imzaladığı əfv Fərmanına əsasən bağışlanılanlar arasında Ombudsmanın müraciəti ilə əfv edilmiş 10 məhbusun da olduğunu xatırlatmış, indiyədək Ombudsmanın qaldırdığı vəsatət üzrə 33 məhbusun bağışlandığını bildirmişdir.
E.Süleymanova Azərbaycanda Ombudsman təsisatının yaradılması və fəaliyyəti barədə də ətraflı məlumat vermiş, ölkəmizin həbsxanalarında məhbusların saxlanılma şəraiti barədə sualları cavablandırmışdır.
Ermənistanın Azərbaycana təcavüzünü ölkəmizdə insan hüquqlarının kütləvi surətdə pozulmasını şərtləndirən əsas amil kimi vurğulayan ombudsman Xocalı soyqırımı nəticəsində mülki əhalinin görünməmiş qəddarlıqla qətlə yetirildiyini, əsir götürülənlərə amansız işgəncə verildiyini bildirmiş, Xocalı soyqırımının 12-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara ünvanladığı bəyanatın mətnini qonaqlara təqdim etmişdir.
E.Süleymanova daha sonra Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərindən danışmış, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Birliyinin problemin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllində yardımçı olacaqlarına ümid bəslədiyini vurğulamışdır.
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitye ətraflı məlumata görə təşəkkür edərək, region dövlətlərinin, o cümlədən Azərbaycanın AB ölkələri ilə ortaq dəyərləri, insan haqlarına hörmət kimi demokratik prinsipləri dəstəklədiyini vurğulamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində səylərini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə Almaniyanın ölkəmizdəki səfiri Klaus Qrevlix və digər rəsmi şəxslər iştirak etmişlər.
DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI
İCMASININ RƏHBƏRİ İLƏ GÖRÜŞ
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitye həmin gün Şuşa Rayon İcra Hakimiyyətində Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənovla görüşmüşdür.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, N.Bəhmənov qonağı Novruzsayağı bəzədilmiş süfrə arxasında səmimi salamlayaraq demişdir: Sizi xalqımız üçün əziz olan bahar bayramı ərəfəsində salamlamağıma çox şadam. Biz bir müddət əvvəl kommunikasiya xətlərinin açılması müqabilində Azərbaycanın işğal olunmuş beş rayonunun azad edilməsi barədə Avropa Birliyinin təklifini maraqla qarşıladıq. Təəssüf ki, Ermənistan tərəfi bu dəfə də qeyri-konstruktivlik nümayiş etdirdi. Ümidvarıq ki, Avropa Birliyi münaqişənin ədalətli həlli ilə bağlı bundan sonra da təkliflərlə cıxış edəcəkdir. Biz yaxşı bilirik ki, münaqişənin mahiyyəti beynəlxalq qurumlara, o cümlədən BMT-yə və Avropa Birliyinə yaxşı məlumdur. Sadəcə olaraq, bu nüfuzlu təşkilatlar Ermənistanın torpaq iddiasına, Dağlıq Qarabağ ermənilərinin separatçılığına vaxtında lazımi qiyməti vermədilər. Problem həddini aşanda isə ikili standartlar tətbiq olundu, hətta təcavüzkarla onun qurbanını bərabərləşdirməyə cəhd göstərildi. Azərbaycan rəhbərliyi münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Ancaq xalqın səbri tükənib və o, torpaqlarını azad etmək istəyir.
Daha sonra icmanın rəhbəri qonağa Sankt-Peterburq və Moskvanın arxivlərindən götürülmüş 20-dək sənəd, xəritə təqdim etdi. Ötən əsrlərdə Rusiya hökuməti, diplomatları tərəfindən tərtib olunmuş bu materiallar bir daha sübut edir ki, ermənilər regiona gəlmədir, Ermənistan adlı dövlət isə qonşuların torpağı hesabına yaradılmışdır.
Heyki Talvitye ətraflı məlumata görə təşəkkür edərək dedi ki, bu sənədlər həm Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, həm də Finlandiya tarix və muzeylər assosiasiyasının sədri kimi mənim üçün ikiqat maraqlıdır. Belə materiallar regionu tanımağa, münaqişələrin səbəbini anlamağa çox kömək edir. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Avropa Birliyinin problemin mahiyyətinə bələd olmaq arzusu lazımi anda ATƏT-ə kömək etmək istəyindən doğur. Münaqişəyə nə qədər dərindən bələd olsaq, qəbul edəcəyimiz müvafiq sənəd bir o qədər sanballı olar. Mən mandatıma uyğun olaraq, münaqişənin bütün tərəfləri ilə görüşüb onları diqqətlə dinləyəcək, məlumat toplayacağam.
Cənab Talvitye Azərbaycan Prezidenti İlham Əliyevin qaçqınlar və məcburi köçkünlərlə bağlı reallaşdırdığı sosial proqramları yüksək qiymətləndirdiyini xüsusi vurğuladı.
AVROPA BİRLİYİ CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİ ÜÇÜN
YENİ LAYİHƏ HAZIRLAYIR
Bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitye martın 19-da Avropa Birliyi - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin üzvləri ilə görüşündə bildirmişdir.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri, komitənin Azərbaycan üzrə həmsədri Sirus Təbrizli qonağa ölkəmizdə aparılan hüquqi, iqtisadi, siyasi islahatlar barəsində məlumat verərək dedi ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında başlanmış demokratik proseslər uğurla davam etdirilir. Azərbaycan Avropa qurumlarının bu işdə göstərdiyi köməyi yüksək qiymətləndirir. Lakin üzləşdiyimiz ən ağrılı problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin inkişafına ciddi maneələr törədir. Ermənistanın təcavüzü nəticəsində minlərlə azərbaycanlının hüququ tapdalansa da, təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi məsələyə obyektiv münasibətini bildirməmişdir. Komitənin sədri ümidvar olduğunu söylədi ki, Avropa Birliyi kimi nüfuzlu təşkilat münaqişənin tezliklə sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq üçün səylərini artıracaqdır.
Cənab Heyki Talvitye bildirdi ki, Avropa Birliyi Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana xüsusi maraq göstərir. Avropa Birliyi bu ölkələrlə əlaqələri inkişaf edirmək və gələcəkdə onların quruma üzv olmalarını asanlaşdırmaq üçün xüsusi layihə hazırlayır və tezliklə onun icrasına başlanacaqdır.
Heyki Talvitye Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini artıracağını da vurğuladı.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.