Avropa İttifaqı dövlət qulluğu sahəsində Azərbaycan ilə əməkdaşlığı davam etdirmək niyyətindədir
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Bakıda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Hərtərəfli institusional quruculuq proqramı çərçivəsində institusional islahat planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya dəstək” layihəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov çıxış edərək beynəlxalq əməkdaşlıqdan, dövlət qulluqçularının potensialının artırılması istiqamətində görülən işlərdən danışıb, layihə barədə məlumat verib. Bildirilib ki, komissiyanın əsas fəaliyyət istiqamətlərindən biri dövlət qulluqçularının potensialının artırılmasıdır. Bu sahədə Bakıda və regionlarda dövlət qulluqçuları üçün təlimlər təşkil edilir. Son dövrlərdə Azərbaycanda bu istiqamətdə bir sıra dövlət proqramları da qəbul olunub.
B.Xəlilov vurğulayıb ki, iki il davam edəcək layihə çərçivəsində komissiyanın təlim və strategiya struktur bölməsinin qurulması, habelə təlim mərkəzinin yaradılması, dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi və əlaqələndirilməsi, dövlət qurumlarına və digər təlim mərkəzlərinə metodoloji dəstək göstərilməsi sahəsində komissiya əməkdaşlarının potensialının artırılması nəzərdə tutulur. Bundan başqa, layihə çərçivəsində dövlət qulluqçuları üçün təlim strategiyasının hazırlanması və həyata keçirilməsinin dəstəklənməsi, müvafiq sahələrdə təlim modullarının hazırlanması və bunlar üzrə təlimlərin təşkili, prioritet sahələrdə təlimçi bazanın formalaşdırılması planlaşdırılıb.
Qeyd edilib ki, layihənin icraçıları Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), BMT-nin İnkişaf Proqramı və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadır.
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, BMT-nin nümayəndəliyinin rezident əlaqələndiricisi Antonius Bruk, Almaniya səfirinin müavini Volfqanq Mössinger, GİZ-in Azərbaycan nümayəndəliyinin rəhbəri Henninq Tvesten çıxış ediblər.
Onlar dövlət qulluqçularının imkanlarının genişləndirilməsi istiqamətində mütəmadi iş aparılmasından, bu sahədə əməkdaşlığın vacibliyindən danışıb, layihənin daha peşəkar dövlət qulluqçularının yetişdirilməsinə töhfə verəcəyini diqqətə çatdırıblar. Vurğulanıb ki, Avropa İttifaqı dövlət qulluğu sahəsində Azərbaycan ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.