Avropa İttifaqının Ermənistandakı missiyası bölgədə sülh üçün ziyanlı amilə çevrilir - Politoloq
Bakı, 16 avqust, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsindən sonra aydın oldu ki, torpaqlarımızı sürətli hücumla azad etməyimiz və regionda yeni reallıqlar yaratmaq təşəbbüslərimiz bəzi dairələrin ürəyincə deyil. Çünki Qələbəmiz regionda şəffaf və legitim şərtlər formalaşdırıb ki, bu da daha öncə 30 il ofşor əsaslarda regionun bütün resurslarını: təbii, kommunikasiya və sair istismar edənlərin imkanlarını heçə endirib. Azərbaycan, həmçinin keçmiş münaqişənin hərbi mərhələsini tez bitirməsi ilə bu dairələrin toparlanması və planlaşdırdığı ssenariləri həyata keçirə bilməsi imkanlarını sıfıra endirdi. Buna görə də aradan keçən 2 il 10 ay ərzində müxtəlif təxribatlarla regionda vəziyyəti gərginləşdirməyə cəhdlər olunur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva söyləyib.
O deyib: “Azərbaycan Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini yaratması ilə bu ölkənin Qarabağa təhlükəli yüklər daşıması, mina tarlaları “əkməsi” və sair kimi təxribatçı addımlarının qarşısını aldı. Bütün bunlar bölgənin təhlükəsizliyinin təminatında ciddi problemlər yaradırdı. Amma bu, həm də Ermənistanın Qarabağa silah-sursat daşıması, hərbi kontingent formalaşdırmağa cəhd göstərməsi faktlarının daha çox ifşa etdilməsinə şərait yaratdı. Ən əsası isə Qarabağda Azərbaycanın təbii sərvətlərinin talanması və Laçın yolu ilə Ermənistana çıxarılması da faktlarla sübut olundu”.
Yeganə Hacıyevanın sözlərinə görə, Azərbaycanın Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə Bakıya, Yevlaxa görüşə dəvət etməsi birbaşa təmaslar üçün vacib addımlardır. Lakin Ermənistanın və havadarlarının təhriki ilə Qarabağdakı etnik erməni sakinləri Azərbaycanın bütün çağırışlarını cavabsız qoydu, daha sonra isə Yevlaxda razılaşdırılmış görüş pozuldu. Artıq 10 aydır ki, Azərbaycana qarşı təhrif olunmuş məlumatlar üzərindən “qara piar” kampaniyası aparılır. Avqust ayında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okampo Azərbaycanın Qarabağ bölgəsində “soyqırımı”nın baş verdiyini iddia etməsi də bu qəbildən olan məsələlərdir: “Xankəndidə blokada “realiti-şousu” adı ilə Azərbaycanın Qarabağda guya etnik təmizləmə siyasəti həyata keçirməsi kimi absurd təbliğat kompaniyasının BMT Təhlükəsizlik Şurasında (TŞ) müzakirəsini təşkil edən Ermənistan və havadarları bununla regionda yeni şərtlər formalaşdırmağa cəhdlər edirlər.
“Qarabağdakı ermənilərin tək çıxış yolu dövlətimizin şərtlərini qəbul edib konstitusiyamıza uyğun olaraq Azərbaycan vətəndaşı olmaqdan keçir. Bu variant Qarabağda yaşayan ermənilər üçün həm də firavan gələcək vəd edir. Azərbaycanın təklif etdiklərini nə hərbi xunta, nə də onları digər terror birləşmələrinə cəlb edən qüvvələr edə bilməz və ölkəmiz olmadan ermənilərin orada gələcəyi yoxdur. Ancaq BMT Təhlükəsizlik Şurasındakı müzakirənin hansısa bir uğurlu qərarının olacağına əmin olan Ermənistanın prosesə hərbi təxribatlarla təsir etmək üçün Fransa ilə birgə “B” planına əl atacağı gözlənilir. Regionda sülh və stabilliyin marağında olan hər bir ölkə, xüsusilə Avropa İttifaqı (Aİ) Ermənistanın təxribatlarını adekvat dəyərləndirməli, bunun dayandırılması üçün mövqe nümayiş etdirməli olduğu halda, biz əks mövqe ilə üzləşirik. Təsəvvür edin ki, Avropa İttifaqının Ermənistandakı missiyası bu ölkənin Azərbaycanla sərhədə hərbi texnika cəmləməsinin peyk görüntüləri, dron çəkilişləri ilə sübutları olduğu halda belə, bunu təkzib edir. Bu kimi hallar isə onsuz da revanşist əhvali-ruhiyyədə olan Ermənistanı Azərbaycan ərazisində təxribatlara daha da cəsarətləndirir. Nəticədə isə Aİ-nin Ermənistandakı missiyası bölgədə sülh üçün ziyanlı amilə çevrilir”, - deyə Y.Hacıyeva vurğulayıb.