“Avrora” MMC “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” təşəbbüsünə qoşulub
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin təşəbbüs çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, “Avrora” MMC-nin təsisçisi Ceyhun Abbasov qida təhlükəsizliyinə sistemli və kompleks yanaşmanın vacibliyindən danışır.
Onun sözlərinə görə, qida zəncirinin bütün mərhələlərində – istehsaldan emala, saxlanmadan daşınmaya qədər məsuliyyət və nəzarət prioritetdir. Çünki istehsalçı ilə istehlakçı arasındakı yol risklərlə doludur və məhz həmin risklərin idarə olunması qida təhlükəsizliyinin təməl prinsiplərindən birini təşkil edir.
Bu cəhətdən market rəfinə qədər gəlib çatan hər bir məhsulun arxasında geniş və çoxşaxəli bir sistem dayanır. Həmin sistemin düzgün və davamlı şəkildə işləməsi isə gələcək nəsillərin sağlamlığının qorunmasında mühüm rol oynayır.
Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Bu barədə daha ətraflı https://youtu.be/koL3nMcgQqo linki vasitəsilə tanış olmaq mümkündür.