Avstraliya əcnəbi tələbələrin sayını azaldır
Bakı, 27 avqust, AZƏRTAC
Avstraliya hökuməti bu gün kirayə qiymətlərinin artmasına səbəb olan rekord miqrasiyanın qarşısını almağa çalışdığı üçün 2025-ci ildə universitetlərə qəbul olunacaq yeni əcnəbi tələbələrin sayını 270 minə qədər məhdudlaşdıracağını bildirib.
AZƏRTAC xəbər verir ki, bu qərar Avstraliyada əcnəbi tələbələr və işçilər üçün COVID pandemiyası zamanı tətbiq edilən güzəştlərin dayandırılması istiqamətində ötən ildən həyata keçirilən silsilə tədbirlərin davamıdır. Sərhəd nəzarəti əcnəbi işçilərin ölkəyə daxil olmasına mane olduğu halda, bu güzəştlər şirkətlərə yeni işçiləri işə götürməyə kömək edirdi.
Təhsil naziri Ceyson Kler mətbuat konfransında deyib: “Bu gün universitetlərimizdə pandemiyadan əvvəlki illə müqayisədə təxminən 10 faiz, özəl peşə təhsili və təlimi müəssisələrimizdə isə təxminən 50 faiz çox əcnəbi tələbə var”.
Yeni beynəlxalq tələbələrin sayı universitetlər üçün təxminən 2023-cü ildə olduğu kimi 145 min, praktiki və peşə kursları üçün isə 95 minə qədər məhdudlaşdırılacaq.
Avstraliya Universitetinin rektoru, professor Devid Lloydun sözlərinə görə, hökumətin miqrantların sayına nəzarət etmək hüququ var, lakin bu, hansısa bir sektorun, xüsusən də təhsil kimi iqtisadi baxımdan vacib olan sahənin hesabına edilməməlidir.

Avstraliyanın dəmir filizi, qaz və kömürdən sonra dördüncü ən böyük ixracatı olan beynəlxalq təhsil 2022-2023 maliyyə ilində ölkə iqtisadiyyatına 24,7 milyard dollar töhfə verib.
Lakin sorğular göstərir ki, seçicilər çoxlu sayda əcnəbi tələbə və işçilərin axınından narahatdırlar və bu, bir ildən az müddətdə immiqrasiyanı növbəti federal seçkilərdə potensial əsas yarış meydanına çevirəcək, habelə mənzil bazarına hədsiz təzyiq göstərəcək.
İmmiqrasiya 30 sentyabr 2023-cü ilə qədər rekord həddə çatıb, Hindistan, Çin və Filippindən olan tələbələrin üstünlük təşkil etdiyi müvafiq rəqəm 60 faiz artaraq rekord 548 min nəfər təşkil edib.
Artan miqrasiyanın qarşısını almaq üçün hökumət keçən ay əcnəbi tələbələr üçün viza rüsumlarını iki dəfədən çox artırıb və onlara ölkədə qalma müddətini daim uzatmağa imkan verən qaydalardakı boşluqları doldurmağa söz verib.