Avstraliyada koronavirusa yoluxanların sayı 1000 nəfəri keçib
Tokio, 21 mart, AZƏRTAC
Avstraliyada koronavirusa yoluxanların sayı 1023 nəfərə çatıb. Onların 40 faizinin ölkənin ən böyük şəhəri olan Sidneydə qeydə alındığı bildirilir.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Avstraliya hökuməti yeni koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir. Belə ki, martın 21-də Sidneydəki əsas şəhər çimərliyi “Bondi-beach” tarixdə ilk dəfə olaraq bağlanıb. Sidney meriyasından bildirilib ki, hökumətin yeni koronavirusun yayılmasına qarşı müəyyən etdiyi qadağalar sakinlər tərəfindən pozulacağı təqdirdə şəhərin digər istirahət obyektləri də bağlanacaq.
Qeyd edilir ki, çimərlik polis və fövqəladə hallar üzrə regional nazir Devid Elliotun müraciəti əsasında bağlanıb. Bundan bir gün əvvəl hökumətin tələblərinə baxmayaraq, mindən çox şəhər sakini həmin çimərliyə toplaşıb. Avstraliyanın Səhiyyə naziri Qreq Hant da bildirib ki, yeni koronavirusun yaratdığı böyük təhlükə fonunda Sidney sakinlərinin bu hərəkəti tamamilə yolverilməzdir.
Əlavə olaraq bildirək ki, Avstraliyanın Baş Naziri Skott Morrison martın 20-də vətəndaşlara müraciət edərək, onlardan profilaktika məqsədilə bir-birindən 2 metr aralı hərəkət etməyi xahiş edib. Baş Nazir, eyni zamanda, hökumət tərəfindən açıq havada 500-dən çox, örtülü yerlərdə isə 100-dən artıq insanın iştirakı ilə kütləvi tədbirlərin keçirilməsinin qadağan olunduğunu da xatırladıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio