Avstraliyada yaşayan soydaşlarımız bu ölkənin təhlükəsizlik orqanlarına müraciət ediblər
Bakı, 14 oktyabr, AZƏRTAC
Avstraliyada yaşayan soydaşlarımız bu ölkənin təhlükəsizlik orqanlarına müraciət ediblər. Azərbaycan-Avstraliya Assosiasiyasının (AAA) prezidenti Mikayıl Oytanın imzası ilə bu ölkənin təhlükəsizlik orqanlarına ünvanlanan məktubda erməni lobbisinin Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qüvvələri maliyyəşdirməsindən bəhs olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda “Homenetmen Ararat” və “Hamazkaine” Təhsil və Mədəniyyət cəmiyyətlərinin terrorizmi dəstəkləmək üçün vəsait topladığı qeyd edilib. Vurğulanıb ki, onlar “Facebook” səhifələrində “Banağımıza (ordumuza) kömək edək” şüarı ilə paylaşımlarında 119 min dollar topladıqlarını iddia edirlər. Vəsaitin Azərbaycanın qanuni ərazisi olan Dağlıq Qarabağ üçün toplanıldığı bildirilir.
Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında müharibə getdiyi, suriyalı döyüşçülərin və PKK terror təşkilatının üzvlərinin erməni muzdluları ilə birlikdə Azərbaycana qarşı döyüşdükləri diqqətə çatdırılır.
Məktubun müəllifi qeyd edib ki, erməni lobbisinin topladığı vəsait məhz BMT-nin 4 qətnaməsinə zidd olaraq Azərbaycan ərazilərini indiyədək işğal altında saxlayan Ermənistanın müharibəyə cəlb etdiyi xarici terrorçuları dəstəkləmək üçündür. “Toplanan bu vəsait xeyriyyə məqsədləri üçün deyil, Azərbaycanın mülki əhalisinə qarşı təcavüz və terror aktları törədən qanunsuz hərbi birləşmələrin dəstəklənməsinə sərf olunacaq”, - deyə müəllif bildirir.
Soydaşımız təhlükəsizlik orqanlarını bu faktların yoxlanılmasına, terrorçu dəstələrin uzaq və sülhpərvər Avstraliyadan maliyyələşməsinin qarşısını almağa çağırıb.