Avstraliyadakı soydaşlarımız Azərbaycan Elit Mükafatı təsis ediblər
Bakı, 15 avqust, AZƏRTAC
Avstraliyada Güney azərbaycanlılarını bir araya gətirən “Victora Varliq Group” qeyri-kommersiya mədəniyyət birliyinin təşəbbüsü ilə Azərbaycan Elit Mükafatı təsis olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, birliyin sədri Dr.İbrahim Aslan qeyd edib ki, mükafat ömrünü xaricdəki Azərbaycan icmasının inkişaf, innovasiya və mükəmməlliyinin təşviqinə fədakarcasına, uzaqgörənliklə həsr edən və cəmiyyətə təsiretmə qabiliyyətinə malik görkəmli şəxslərin tanıdılmasına xidmət edir.
Birlik bu yolla Azərbaycanın parlaq və rəngarəng nailiyyətlərini Avstraliyada və onun hüdudlarından kənarda nümayiş etdirmək, qürbətdə yaşayan görkəmli soydaşlarımızın bilik, yaradıcılıq və müsbət dəyişikliklərə yorulmadan can atmalarını təqdim etmək və gələcək nəsilləri öz səylərində yüksək amallara və nəhəngliyə nail olmağa ruhlandırmaq məqsədi daşıyır.
Mükafat elm, ədəbiyyat, mədəniyyət, iqtisadiyyat, texnologiya, səhiyyə və sair sahələrə verilən misilsiz töhfələrə əsasən təqdim ediləcək. Namizədlər müvafiq sahələr üzrə ictimaiyyət və nüfuzlu ekspertlər tərəfindən irəli sürülə bilər. Hər kateqoriya üzrə yaradılacaq münsiflər heyəti nominasiyaları hərtərəfli nəzərdən keçirəcək. 2023-cü il üçün namizədlik prosesi və mükafat kateqoriyaları ilə bağlı ətraflı məlumat birliyin rəsmi sosial şəbəkə səhifəsində, eləcə də müxtəlif KİV-lərdə elan olunacaq.