DÜNYA
Avstriya və İsveçrə Avropada hava hücumundan müdafiə sistemində iştirakını rəsmiləşdirib
Vyana, 7 iyul, AZƏRTAC
Avstriya və İsveçrənin müdafiə nazirləri iyulun 7-də Bern şəhərində Avropada hava hücumundan müdafiə üçün nəzərdə tutulan “Səma qalxanı” (Sky Shield) sisteminə qoşulmaq üçün niyyət bəyanatını imzalayıblar.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin rəsmiləri bu sistemə qoşulmanın neytrallıqla ziddiyyət təşkil etmədiyini vurğulayıblar. Əlavə bir sənəddə Avstriya və İsveçrənin konstitusiyadan irəli gələn xüsusi vəziyyətinin nəzərə alındığı da əksini tapıb. İmzalanma mərasimi Almaniya müdafiə nazirinin iştirakı ilə baş tutub.
“European Sky Shield Initiative” (Avropa Səma Qalxanı Təşəbbüsü) Aİ və NATO üzvü Almaniyanın layihəsidir və Ukraynadakı müharibəni nəzərə alaraq Avropada hava hücumundan müdafiəni təkmilləşdirməyə, mövcud boşluqları dolduraraq vahid sistem halına gətirməyə xidmət edir. Hazırda təşəbbüsə qoşulan ölkələrin sayı 19-a çatıb. 2024-cü ildə sistem qısa və orta mənzilli raket və digər hərbi vasitələrdən müdafiəni təmin etməli, 2025-ci ildən isə müdafiə çənbəri tam şəkildə fəaliyyətə başlamalıdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana