DÜNYA
Avstriyada avtoxuliqanların avtomobilləri müsadirə ediləcək
![Avstriyada avtoxuliqanların avtomobilləri müsadirə ediləcək](/files/2023/2/1200x630/16886424922462519648_1200x630.jpg)
Vyana, 6 iyul, AZƏRTAC
Avstriya Parlamenti avtoxuliqanlığa qarşı sərt tədbirlərin yer aldığı yeni qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, yeni qanunvericiliyə edilən dəyişikliyə əsasən, sürət həddini ciddi şəkildə ötən sürücülər üçpilləli sistem üzrə cəzalandırılacaq. Yaşayış ərazilərində sürəti icazə verilən yüksək həddən əlavə 60 km/saatadək, yaşayış yerlərindən kənar yollarda isə 70 km/saatadək aşan sürücülərin avtomobilləri müəyyən müddətə cəza meydançasında saxlanılacaq. Sürət həddini müvafiq olaraq 80 km/saat və 90 km/saatadək aşanlar üçün isə qanunvericilik nəqliyyat vasitələrinin müsadirə edilməsini nəzərdə tutur.
Avstriyanın nəqliyyat naziri Leonore Qevessler bildirib ki, gələcəkdə bu nəqliyyat vasitələri hərracda satışa çıxarılacaq. Əldə edilmiş vəsaitin 70 faizi Nəqliyyat Təhlükəsizliyi Fonduna, 30 faizi isə hadisənin baş verdiyi bələdiyyəyə yönəldiləcək. Əgər sürət həddini ötən sürücü nəqliyyat vasitəsinin sahibi deyilsə, o zaman həmin şəxs uzun müddətə və ya birdəfəlik sürücülük hüququndan məhrum edilə bilər.
Parlamentdə səsvermədən öncə gedən müzakirələrdə sürət həddinin digər nəqliyyat iştirakçıları, ictimaiyyət və yol hərəkətində iştirak etməyənlər üçün yarada biləcəyi təhlükələrdən bəhs olunub və vurğulanıb ki, ekstremal avtoxuliqanlığa ciddi sanksiyalarla cavab vermək lazımdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana