Avstriyada koronavirusla bağlı məhdudiyyətlərin müddəti daha üç həftə uzadılıb
Vyana, 20 mart, AZƏRTAC
Avstriya hökuməti koronavirusa qarşı mübarizə məqsədilə ictimai-sosial həyata tətbiq edilən məhdudiyyətlərin müddətini daha üç həftə - aprelin 13-dək uzadıb.
AZƏRTAC xəbər verir ki, Federal Kansler Sebastian Kurts mətbuat konfransında virusa qarşı mübarizəni marafona bənzədib və ölkə əhalisini finişə çatmaq üçün dözüm və səbir göstərməyə çağırıb. O, indiyədək tətbiq edilən məhdudiyyətlərin öz bəhrəsini verdiyini, belə gedərsə, virusun yayılma sürətinin yavaşlayacağına və yoluxma hallarında artım tempinin aşağı düşəcəyinə inam ifadə edib.
Martın 16-dan etibarən Avstriyada bütün ictimai iaşə obyektləri, ali təhsil müəssisələri, mədəniyyət ocaqları bağlıdır. İqtisadiyyata dəyən zərərin qarşısını almaq məqsədilə hökumət 38 milyard avro həcmində yardım paketi qəbul edib və bu qərar parlamentdə yekdilliklə bəyənilib. Hazırda kiçik və orta müəssisələr, eləcə də iri şirkətlər üçün fərqli yardım proqramları fəaliyyətə başlayıb. Bununla belə dörd gün ərzində əlli mindən artıq şəxs iş yerini itirib və hökumət koronavirus böhranı başa çatdıqdan sonra həmin şəxslərin əvvəlki iş yerləri ilə təmin oluna bilmələri üçün şirkət və müəssisələri iflas olmaqdan qorumağa çalışır.
Qeyd edilməlidir ki, Avstriyada koronavirus infeksiyasına yoluxanların sayı artıq 2388 nəfərə çatıb. Yoluxanlar arasında Avstriya Milli Şurasının (parlament) üzvləri də var. Ölkənin Tirol federal əyaləti bütövlükdə, Forarlberq və Zaltsburq federal əyalətlərinin isə bir sıra bölgələri karantin altına alınıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana