Avtoxuliqanlıq edən 5 nəfər cəzalandırılıb
Bakı, 8 iyul, AZƏRTAC
Ötən gün səhər saat 9 radələrində əsgər yola salma mərasimində avtoxu-
liqanlıq hərəkətləri edərək, görüntüləri sosial mediada paylaşan Astara rayon sakinləri Baş Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıblar. Hadisə Bakı-Astara şosesində baş verib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 1994-cü il təvəllüdlü Məhərrəmov Vüsal İxtiyar oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Eltun Firdovsi oğlu, 2000-ci il təvəllüdlü İdrisov Raqib Şadulla oğlu, 1996-cı il təvəllüdlü Qasımov Namiq Sərdar oğlu və 2000-ci il təvəllüdlü Zayidov İsaq Söhrab oğlu “VAZ 2107” markalı, 10-UP-384, 07-BJ-701 dövlət qeydiyyat nişanlı, “VAZ 2106 markalı” 07-BG-671, 66-BA-912 dövlət qeydiyyat nişanlı və “VAZ 21015” markalı, 07-BC-715 dövlət qeydiyyat nişanlı avtomobillərlə magistral yolda təhlükəli manevrlərlə həm özlərinin, həm də digər yol hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atıblar.
Hadisədən sonra həmin şəxslər Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onların hər biri bir il müddətinə sürücülük hüququndan məhrum edilməklə yanaşı, 15 sutka həbs cəzası alıblar.