Azərbaycan 2013-cü ilin ən irimiqyaslı turizm sənayesi konfransına tərəfdaşlıq edəcəkdir
Vaşinqton, 12 iyun (AZƏRTAC). ABŞ-ın qlobal turizm xəbərlərini işıqlandıran populyar internet dərgisi “eTurboNews”un yaydığı xəbərə görə, səyahət sənayesinin ən nüfuzlu və irimiqyaslı beynəlxalq konfransı “İTB Berlin Convention” 2013-cü il martın 6-dan 10-dək Almaniyada növbəti toplantısını keçirəndə onun yeganə “Konfrans və mədəniyyət tərəfdaşı” qismində Azərbaycan çıxış edəcəkdir.
Qlobal turizm sənayesinin ən son meyilləri və yeni biznes modellərini təqdim edən bu konfransda 180 ölkədən 10 min nəfər nümayəndə iştirak edəcəkdir.
Müzakirələrdən və sərgidən ibarət olan konfrans hər il 170 mindən çox tamaşaçı cəlb edir. “eTurboNews” bildirir ki, Azərbaycan Asiya ilə Avropa arasında əlaqəni müxtəlif proqramlarla canlandıracaqdır. Xəzər hövzəsi və Qafqaz dağları arasında yerləşən bu ölkə dünyanın ən iri səyahət ticarəti toplantısına qatılaraq təbii gözəlliyini və zəngin mədəniyyətini nümayiş etdirəcək, dünyanın həm yeni turizm, həm də beynəlxalq toplantıların, konfransların və sərgilərin keçirilməsi üçün əsrarəngiz və əlverişli məkan kimi təqdim olunacaqdır. Azərbaycan nümayəndələri təkcə sərgidə deyil, həm də konfrans müzakirələri zamanı natiqlər qismində də geniş təmsil olunacaqlar.
“eTurboNews” Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə istinadla bildirir ki, bu ölkə neft sənayesi ilə yanaşı, mühüm iqtisadi amil kimi, turizmin inkişafı üzərində də diqqətini cəmləşdirir. “İTB Berlin Convention” ilə tərəfdaşlıq Azərbaycanın turizm potensialının səmərəli şəkildə təqdim edilməsi üçün çox mühüm vasitə olacaqdır. Ə.Qarayevin sözlərinə görə, Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etməsi dünya KİV-nin diqqətini ölkəmizə yönəldərək onun müasir imicini beynəlxalq aləmə təqdim etmişdir. Sənaye ticarəti üzrə dünyanın ən irimiqyaslı konfransı ilə tərəfdaşlıq etməklə biz bu imici bir qədər də möhkəmləndirmək niyyətindəyik.
“eTurboNews” qeyd edir ki, 2011-ci ili “Turizm ili” elan edən Azərbaycanda turizm infrastrukturunda əldə edilən irəliləyişlər, xüsusilə yeni mehmanxanaların tikilməsi, turizmin inkişafı üçün yeni qanunvericiliyin təqdim olunması və s. bu sahəyə yetirilən yüksək diqqətin göstəricisidir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton