Azərbaycan – yeni turizm istiqaməti
Paris, 5 iyul, AZƏRTAC
Fransanın www.islamnews.fr saytında “Azərbaycan - yeni turizm istiqaməti” adlı məqalə dərc olunub. Fransa Turizm Agentlikləri Milli Sindikatının (SNAV) Bakıda keçirilən ənənəvi illik toplantısından sonra ölkə mətbuatı Azərbaycanın turizm imkanlarını geniş işıqlandırır.
Məqalədə bildirilir ki, 70 fransalı turizm mütəxəssisinin iştirak etdiyi Bakı toplantısı çərçivəsində Fransada Azərbaycanın yeni turizm istiqaməti kimi təşviq edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və Fransanın Turizm Agentliklərinin Milli Sindikatı arasında anlaşma memorandumu imzalanıb.
Qeyd olunur ki, Azərbaycanın Fransadakı səfirliyinin iqtisadi və əməkdaşlıq üzrə müşaviri Elmar Məmmədovun müşayiət etdiyi Fransa Turizm Agentliklərinin nümayəndələri mədəniyyət naziri Əbulfəs Qarayevlə görüşüb və bu görüş zamanı tərəfdaşlığı rəsmiləşdirən saziş imzalanıb. Müəllif turistlərin ölkəmizə gəlişini asanlaşdırmaq məqsədi ilə viza rejiminin sadələşdirildiyini diqqətə çatdırır, infrastrukturun yüksək səviyyədə olduğu vurğulanır.
Xəzər dənizi sahilində yerləşən Bakının mülayim iqlimindən, əhalinin mehribanlığından, hökm sürən sabitlikdən, şəhərin müzeylərindən, İçərişəhərdən, karvansaraylardan, qədim insan məskəni - Qobustan qoruğu və palçıq vulkanlarından, Formula-1 Avropa Qran-pri yarışından, ölkədəki qış dağ-xizək və istirahət mərkəzlərindən, sanatoriyalardan söhbət açılır.
Saytda ölkəmizin turizm potensialına həsr edilmiş videotəqdimat yerləşdirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris