AZƏRBAYCAN-ALMANİYA ƏLAQƏLƏRİNİN İNKİŞAFINDA PARLAMENTLƏRARASI ƏMƏKDAŞLIQ QRUPU MÜHÜM ROL OYNAYIR
Azərbaycan-Almaniya parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri, akademik Cəlal Əliyev qonaqları salamlayaraq demişdir ki, ölkələrimiz arasında qədim tarixə malik dostluq əlaqələri vardır. Bu cür səfərlər əməkdaşlığımızı daha da dərinləşdirir. Alman iş adamları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə həvəslə sərmayə qoyurlar. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ümummilli liderimiz Prezident Heydər Əliyevin rəhbərliyi ilə bir sıra böyük layihələr həyata keçirməyə başlamış və regionun ən çox inkişaf etmiş ölkəsinə çevrilmişdir. Lakin, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan çox insan doğma yurd-yuvalarından didərgin düşmüşdür. Bu da ölkəmizin inkişafına ciddi maneələr yaradır. Yaşadığımız yüzillik insan hüquqlarının müdafiəsi əsridir. Amma dünya dövlətləri və beynəlxalq təşkilatlar erməni işğalçılarına qarşı sanksiyalar tətbiq etmək, təcavüzkarı yerinə oturtmaq istəmirlər. Ümid edirik ki, almaniyalı dostlarımız problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllində bizə yardımçı olacaqlar.
Almaniya nümayəndə heyətinin rəhbəri Kristof Berqner demişdir ki, onlar bu gün Bakıda məskunlaşmış qaçqınlarla görüşüblər. Gördükləri mənzərə onlarda çox ağır təəssürat yaradıb. Nümayəndə heyətinin tərkibində müxalifət və iqtidarı təmsil edən şəxslər vardır. Bundestaqda hər hansı bir məsələnin həllində fikir ayrılığı olsa da, Azərbaycanla əməkdaşlıqda hamı yekdildir.
Azərbaycana səfərdən məqsəd bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır. Ölkələrimiz arasında münasibətlərin inkişafı və xalqlarımızın yaxınlaşmasında parlamentlərin böyük rolu vardır.
Dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmış, deputatlar öz təəssüratlarını bölüşmüşlər.