AZƏRBAYCAN AVROPA SOSİAL XARTİYASINA BƏYANAT VƏ QEYD-ŞƏRTLƏ QOŞULDU
Layihə ilə bağlı parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli məlumat vermişdir. O demişdir ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanından sonra ölkədə digər sahələrin inkişafı ilə yanaşı, insan hüquqlarının qorunması, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində də bir sıra önəmli addımlar atılmışdır. Azərbaycanda insan hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsini təmin etmək, bu sahədə mövcud olan normativ aktları beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə dövlətimizin başçısı Milli Məclisə bir sıra qanunların, beynəlxalq saziş və konvensiyaların, o cümlədən Avropa Sosial Xartiyasının təsdiq edilməsi haqqında qanun layihəsini göndərmişdir. Avropa Sosial Xartiyasına qoşulmağımız həm də Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biridir. Ölkəmiz Xartiyanın 31 maddəsindən 18-nə bəyanat və qeyd-şərtlə qoşulur.
Hökumətimiz bəyan edir ki, bu Xartiyadan irəli gələn tələblər Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerinə yetirilməyəcək. Eləcə də Azərbaycan bəzi maddələrdən irəli gələn tələblərlə razılaşmadığı üçün müəyyən qeyd-şərtlər irəli sürmüşdür.
Layihə ilə bağlı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov, insan hüquqları daimi komissiyasının sədr müavini Rəbiyyət Aslanova və başqaları çıxış etdikdən sonra sənəd yekdilliklə qəbul olunmuşdur.