AZƏRBAYCAN AVROPA ŞURASININ DAHA BİR TƏLƏBİNİ YERİNƏ YETİRİR
Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli demişdir ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərmanı ilə əlaqədar olaraq nazirlik, komitə və baş idarələr hazırladıqları tədbirlər planının icrasına başlamışlar. Ölkəmizdə insan hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsini təmin etmək məqsədi ilə də bir sıra qanunlar, beynəlxalq saziş və konvensiyalar parlamentdə təsdiq edilməlidir. Avropa Sosial Xartiyası da bu qəbildəndir. Digər tərəfdən isə bu sənədin qəbulu ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlıdır. Azərbaycan bu sənədə xüsusi bəyanat və qeyd-şərtlə qoşulur. Hökumətimiz, ilk növbədə bəyan edir ki, bu Xartiyadan irəli gələn tələblər Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerinə yetirilməyəcək. Eləcə də Azərbaycan bəzi maddələrdən irəli gələn tələblərlə razılaşmadığı üçün müəyyən qeyd-şərt irəli sürmüşdür.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov demişdir ki, Azərbaycan artıq Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin demək olar ki, hamısını yerinə yetirmişdir. Bu sənədə qoşulmağımız öhdəliklərdən biridir.
Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyeva, iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Tahir Budaqov və başqaları çıxış edərək Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində atılan addımlardan, ölkəmizin bu sənədə qoşulmasının vacibliyindən və Xartiyanın üstünlüyündən danışmışlar.
Sonda sənədin parlamentin müzakirəsinə çıxarılması tövsiyə olunmuşdur.