Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilib - ŞƏRH

Bakı, 16 mart, AZƏRTAC
Azərbaycanın ənənəvi şəkildə ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərə diqqətin və marağın artması ölkəmiz tərəfindən dünyaya təqdim olunan inkişaf modelinin nümunəviliyini təsdiqləyir. Belə ki, geosiyasi qütbləşmənin artdığı, ziddiyyətlərin və qarşıdurmaların şiddətləndiyi bir vaxtda Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.
Deputat qeyd edib ki, dünyada Şərq-Qərb qarşıdurmasının pik həddə çatdığı bir mərhələdə Azərbaycan öz təklif və təşəbbüsləri ilə sivilizasiyalararası dialoqun inkişafına, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələr verir.
"Prezident İlham Əliyev dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslər irəli sürür, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş etdirir. Qlobal Bakı Forumu kimi mötəbər platformalar reallıqların, xüsusilə də postmüharibə dövründə sülh və təhlükəsizliklə bağlı mühüm məqamların dünyanın diqqətinə çatdırılması, ölkəmizin strateji maraqlarının qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Martın 13-15-də “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər, dövlət başçımızın çıxışında əksini tapan çağırışlar, aparılan müxtəlif müzakirələr, verilən tövsiyələr hazırkı dünya düzənində olduqca aktual mövzulara həsr edilib. Bu baxımdan forumun işi olduqca əhəmiyyətlidir və hazırkı vəziyyətdə baş verən bir sıra ciddi geosiyasi hadisələrin fonunda yüksək peşəkarlıqdan xəbər verir”, - deyə A.Məmmədov diqqətə çatdırıb.
Dövlətimizin başçısının forum çərçivəsində çıxışına toxunan deputat enerji siyasəti və yaşıl transformasiya məsələsinin önəmini bildirərək deyib: “Prezident İlham Əliyev tərəfindən vurğulanan enerji təhlükəsizliyi ilə əlaqədar siyasət tədbirləri beynəlxalq müstəvidə də aktuallıq daşıyır. Şərqi Avropa regionunda baş verən geosiyasi və geoiqtisadi tənəzzül fonunda Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə, pandemiya dövründə dövlətimizin nisbətən yoxsul ölkələrə göstərdiyi dəstək, ərzaq təhlükəsizliyi və su qıtlığı ilə mübarizədə məsuliyyətli siyasi çağırışları və digər faktlar beynəlxalq ictimaiyyətin diqqətinin Bakıya yönəlməsinə səbəb olub".
Bildirilib ki, sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi “yaşıl iqtisadiyyat” siyasəti Prezident İlham Əliyevin iqtisadi siyasətində ana xətlərdən birini təşkil edir. Enerji ölkəsi kimi tanınan Azərbaycanın ənənəvi enerji resurslarından yaşıl enerjiyə keçidi son illər ərzində sürətli şəkildə realaşdırılır. Xarici investisiya üçün cəlbedici hesab olunan yaşıl enerjiyə Azərbaycan hökuməti tərəfindən əlverişli mühit formalaşdırılıb. Baxmayaraq ki, Azərbaycan faydalı qazıntılarla zəngindir, amma bərpaolunan enerjiyə keçid siyasəti strateji məsuliyyət kimi təqdim olundu. Məqsəd yalnız neft və qazla deyil, həm də yaşıl enerji ilə dünya bazarlarında iştirak etməkdir. Bu isə həm iqtisadi gəlirlərin şaxələndirilməsinə, həm də beynəlxalq nüfuzun yüksəlməsinə xidmət edir. İmzalanmış müqavilələr və real investisiya layihələri bu məqsədlərin reallaşmasına əsaslı zəmin yaradır. Azərbaycanın hazırda 12 ölkəyə, əsasən Avropa dövlətlərinə təbii qaz ixrac etməsi ölkəmizin enerji diplomatiyasını real nəticəyə çevirib.
“Bütövlükdə XII Qlobal Bakı Forumunun nəticələri və beynəlxalq müzakirə üçün yeni çağırışlar Azərbaycanın yüksək beynəlxalq nüfuzunu əks etdirməklə yanaşı, ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına əlavə stimul verəcək, Azərbaycanın təşəbbüsü əsasında həyata keçirilən iqtisadi, sosial və humanitar mövzular üzrə müzakirələr ölkəmizin imicinə daha da müsbət təsir edəcək", - deyə deputat fikirlərini tamamlayıb.