Azərbaycan cəmiyyəti mühüm uğurlara imza atan liderini yüksək qiymətləndirir ŞƏRH
Bakı, 10 iyul, AZƏRTAC
Sorğular demokratik idarəetmədə vətəndaş iştirakını təmin edən və ictimai iradənin obyektiv ifadəsinə şərait yaradan mühüm sosial alətdir. Bu gün Azərbaycan Prezidentinə göstərilən yüksək ictimai etimadın əsasında uzun illər ərzində formalaşmış siyasi nəticələr dayanır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti, milli maraqların bütün qərarların mərkəzində saxlanılması və Azərbaycanın dövlətçilik mənafelərinin prinsipial şəkildə müdafiə olunması cəmiyyətdə Prezidentə geniş dəstək qazandıran əsas amillər sırasındadır. Əslində, ictimai rəy sorğularında qeydə alınan yüksək etimad göstəriciləri ilk növbədə xalqla siyasi hakimiyyət arasında mövcud olan qarşılıqlı etimad münasibətlərini əks etdirir. Dövlət başçısının siyasi legitimliyinin əsas mənbəyi məhz xalqın iradəsinə söykənən ictimai dəstəkdir. Bu isə istənilən siyasi sistem üçün ən mühüm dayaq hesab olunur.
“Prezident İlham Əliyevin idarəçilik modeli qətiyyətli qərarvermə, strateji düşüncə və milli maraqları ardıcıl şəkildə müdafiə etmək bacarığı üzərində qurulub. Məhz bu xüsusiyyətlər respublikamızın beynəlxalq münasibətlər sistemində daha müstəqil, daha prinsipial və öz milli maraqlarını inamla qoruyan dövlət kimi qəbul edilməsini təmin edib. Bu gün ölkəmizin regional və qlobal proseslərdə artan rolu, beynəlxalq platformalarda söz sahibi kimi çıxış etməsi də həyata keçirilən siyasi kursun məntiqi nəticəsi kimi qiymətləndirilir. Dövlət başçısının rəhbərliyi ilə iqtisadi potensialın möhkəmləndirilməsi, müasir və peşəkar ordunun yaradılması, enerji və nəqliyyat layihələrinin uğurla icrası nəticəsində ölkənin öz resurslarına əsaslanan dayanıqlı inkişaf modeli formalaşıb",- deyə Y.Hacızadə vurğulayıb.
İdarə Heyətinin üzvü qeyd edib ki, Prezidentin rəhbərliyi ilə dövlətin iqtisadi və hərbi gücünün paralel şəkildə artması onun milli təhlükəsizlik imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirdi. Eyni zamanda, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və sonrakı mərhələdə Azərbaycanın tam suverenliyinin bərpası isə yalnız hərbi uğur deyil, həm də uzun illər aparılan ardıcıl siyasi, diplomatik və iqtisadi strategiyanın nəticəsi kimi dəyərləndirilməlidir. Bu proses ən yeni tarixdə dövlət, xalq və ordunun vahid məqsəd ətrafında birləşməsinin ən parlaq nümunəsidir. Bugünkü mürəkkəb beynəlxalq şəraitdə, dünyanın müxtəlif regionlarında münaqişələrin və geosiyasi qarşıdurmaların dərinləşdiyi bir dövrdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin və ictimai həmrəyliyin qorunub saxlanılması ölkənin ən mühüm strateji üstünlüklərindən biridir. Məhz bu sabitlik həm iqtisadi inkişafın davamlılığını təmin edir, həm də Azərbaycanın beynəlxalq nüfuzunu və etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.
“Bütün bu uğurların memarı kimi Prezident İlham Əliyevə göstərilən yüksək ictimai etimad vətəndaşların siyasi iradəsinin, dövlətin seçdiyi inkişaf yoluna verilən birmənalı dəstəyin və milli həmrəyliyin ən aydın ifadəsidir. Azərbaycan cəmiyyəti əldə olunan uğurların arxasında dayanan qətiyyətli lideri yüksək qiymətləndirir və ölkənin gələcəyini məhz onun həyata keçirdiyi siyasi kursun davamında görür", - deyə o əlavə edib.