Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib tərəfdaşdır
Riqa, 15 aprel, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latviya Seyminin spikeri xanım İnara Murnietse ilə görüşüb.
Azərbaycanın Cənubi Qafqaz regionunda Latviya üçün vacib tərəfdaş olduğunu bildirən İnara Murnietse ikitərəfli münasibətlərin cari vəziyyətinin məmnunluq doğurduğunu söyləyib. Hər iki ölkənin qanunverici orqanları arasında sıx əlaqələrin mövcud olduğunu deyən latviyalı spiker “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində mayda Riqada keçiriləcək Zirvə toplantında Azərbaycanın ən yüksək səviyyədə təmsil olunacağına ümid etdiyini bildirib.
Parlamentlərarası diplomatiyanın vacibliyini vurğulayan nazir Elmar Məmmədyarov iki ölkənin qanunverici orqanları arasında sıx əməkdaşlığın olduğunu diqqətə çatdırıb. O, həmçinin müxtəlif parlamentlərarası təşkilatlar çərçivəsində Azərbaycanın və Latviyanın qanunverici orqanlarının əməkdaşlığını qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barədə məlumat verən Elmar Məmmədyarov bölgədə sülh və sabitliyin bərqərar olması və regional inkişaf üçün münaqişənin həllinin vacibliyini diqqətə çatdırıb. Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə tələb olunduğu kimi, münaqişənin həlli üçün ilk növbədə Ermənistan sılahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin vacibliyinə toxunan nazir Azərbaycan ilə Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığın olduğunu və digər sahələrdə də tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nigar Hacıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa